İdman · İdman.biz

Almaniya Kubokunda bol qollu oyunlar - “Bavariya”dan darmadağın, “Bayer”dən möhtəşəm dönüş - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya Kubokunda bol qollu oyunlar - “Bavariya”dan darmadağın, “Bayer”dən möhtəşəm dönüş - VİDEO xəbəri üçün şəkil

Almaniya Kubokunun 1/16 final mərhələsində növbəti qarşılaşmalar keçirilib. “Bavariya” və “Bayer” böyükhesablı qələbələr qazanıb, “Frayburq” isə son dəqiqələrdə vurduğu qolla növbəti mərhələyə vəsiqə əldə edib.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi doğma meydanda “Maqdeburq”u 6:1 hesabı ilə darmadağın edib. Görüşün əsas qəhrəmanı iki qol və bir məhsuldar ötürmə ilə yadda qalan Maykl Olise olub.

Fransalı futbolçu 10-cu dəqiqədə İsmayıl Saybarinin ötürməsindən sonra hesabı açıb. Beş dəqiqə sonra Mateuş Jukovski tarazlığı bərpa etsə də, 21-ci dəqiqədə Saybari Olisenin ötürməsini qola çevirərək “Bavariya”nı yenidən önə keçirib.

İkinci hissədə meydan sahibləri üstünlüklərini daha da artırıblar. Olise 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib. Daha sonra Alfonso Devis (70), Nataniel Braun (73) və David Santuş (90+3) fərqlənərək yekun hesabı müəyyənləşdiriblər.

Leverkuzen təmsilçisi “Bayer” isə “Nürnberq”lə qarşılaşmada 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, 5:2 hesablı qələbə qazanıb.

Qonaqların heyətində Rafael Lubax 13-cü, Siqurd Hauqen isə 30-cu dəqiqədə fərqlənib. Hər iki qolun məhsuldar ötürməsini Vilyam Bövinq verib.

Lakin “Bayer” fasiləyə qədər fərqi azaldıb. Edmond Tapsoba 41-ci dəqiqədə ilk qolunu vurub, 49-cu dəqiqədə isə dubl edərək hesabı bərabərləşdirib.

70-ci dəqiqədə Patrik Şik penaltidən fərqlənərək meydan sahiblərini ilk dəfə önə keçirib. Səkkiz dəqiqə sonra Yonas Hofman dördüncü qolu vurub, 89-cu dəqiqədə isə Lukas Vaskes hesabı 5:2-yə çatdırıb.

“Frayburq” isə doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib. Meydan sahibləri altıncı dəqiqədə İqor Matanoviçin qolu ilə hesabı açıblar. Lakin Kento Şioqai səkkizinci dəqiqədə tarazlığı bərpa edib, 43-cü dəqiqədə isə dubl edərək qonaqları önə keçirib.

İkinci hissədə “Frayburq” geridönüş etməyi bacarıb. Keysuke Qoto 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Yaponiyalı hücumçu 90+2-ci dəqiqədə yenidən fərqlənərək komandasına qələbə qazandırıb.

Beləliklə, “Bavariya”, “Bayer” və “Frayburq” Almaniya Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑