Özbəkistan son illər dünya idmanında ən çox irəliləyişə nail olan ölkələrdən birinə çevrilib. Futbol millisi tarixində ilk dəfə dünya çempionatına qatılıb, idmançıları Paris Olimpiadasında səkkiz qızıl medal qazanıb, şahmatçıları isə dünyanın ən güclüləri sırasına yüksəlib. Üstəlik, bu nəticələr bir-iki idman növü ilə məhdudlaşmır. Boks, güləş, cüdo, taekvondo və Paralimpiya idmanında da uğurlar var. Bir neçə il ərzində əldə edilən bu nəticələrin arxasında hansı dəyişikliklər dayanır?
İdman.Biz xəbər verir ki, Özbəkistan idmanının inkişafını araşdıran xarici nəşrlər əsas diqqəti dövlətin ayırdığı vəsaitə, idman məktəblərinin genişləndirilməsinə, istedadlı uşaqların seçilməsinə və xarici mütəxəssislərin cəlb edilməsinə yönəldirlər.
Ölkə futbolunun yüksəlişini göstərən ən tanınmış nümunələrdən biri Abdukodir Xusanovdur. “Mançester Siti”nin müdafiəçisi artıq İngiltərə Premyer Liqasında çıxış edir. Vaxtilə özbəkistanlı futbolçular üçün Avropanın aparıcı çempionatlarına yol tapmaq böyük hadisə sayılırdısa, indi onların qarşısında daha geniş imkanlar açılıb.
2026-cı ildə isə Özbəkistan futbolu ən böyük uğurunu qazanıb. Milli komanda tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib. Bu nəticə təsadüfən ortaya çıxmayıb. Ölkədə illərdir futbol məktəblərinin və uşaq komandalarının inkişafına xüsusi diqqət ayrılır.
Reuters-in araşdırmasına görə, Özbəkistanda təxminən 15 min məktəbin idman meydançası yenilənib, yeni minifutbol meydançaları salınıb. Futbol məktəblərində isə 65 mindən çox uşaq və yeniyetmə məşq keçir. Məqsəd yalnız daha çox uşağı futbola cəlb etmək deyil, onların arasından istedadlı oyunçuları vaxtında seçib peşəkar səviyyəyə hazırlamaqdır.
Görülən işlərin nəticəsi gənclərdən ibarət milli komandalarda da hiss olunur. Özbəkistanın U-20 yığması 2023-cü ildə, U-17 komandası isə 2025-ci ildə Asiya çempionu olub. U-17 millisi dünya çempionatında 1/8 finala qədər irəliləyib. Beləliklə, əsas millinin arxasında beynəlxalq yarış təcrübəsi olan yeni futbolçu nəsli yetişir.
Özbəkistan futbolunda əcnəbi mütəxəssislərə də üstünlük verilir. Dünya çempionu Fabio Kannavaronun milli komandaya baş məşqçi təyin olunması bunun nümunəsidir. İtaliyalı mütəxəssisin təcrübəsindən istifadə etməklə komandanın beynəlxalq səviyyədə rəqabət imkanlarının artırılması hədəflənir.
Ölkənin idmandakı uğurlarına nəzər salanda isə ən təsirli nəticə Paris-2024 Olimpiadasında qeydə alınıb. Özbəkistan səkkiz qızıl, iki gümüş və üç bürünc olmaqla 13 medal qazanıb və ümumi sıralamada 13-cü yeri tutub. Bu, ölkənin müstəqillik tarixində ən yaxşı Olimpiya göstəricisidir.
Qızıl medalların beşini boksçular əldə ediblər. Həsənboy Dusmatov 51 kq, Abdumalik Xalokov 57 kq, Asadxoja Muydinkocayev 71 kq, Lazizbek Mullojonov 92 kq, Bahodir Cəlolov isə 92 kq-dan yuxarı çəki dərəcəsində Olimpiya çempionu olublar.
Digər üç qızılı cüdoçu Diyora Keldiyorova, taekvondoçu Uluqbek Raşitov və sərbəst güləşçi Razambek Camalov qazanıblar. Özbəkistan idmançıları ağır atletika, cüdo, taekvondo və güləşdə də mükafatçılar sırasında yer alıblar.
Özbəkistan boks məktəbi əvvəllər də güclü olub. Lakin Parisdəki nəticə göstərdi ki, ölkə artıq yalnız ənənəvi olaraq uğur qazandığı növlərlə kifayətlənmir. Cüdo və taekvondoda Olimpiya çempionlarının yetişməsi də bunun göstəricisidir.
Şahmatda baş verənlər isə ayrıca diqqətə layiqdir. Özbəkistanın kişilərdən ibarət komandası 2022-ci ildə Hindistanın Çennay şəhərində keçirilən Şahmat Olimpiadasında hamını qabaqlayaraq çempion olub. 2026-cı ilin sentyabrında Səmərqənddə keçirilən 46-cı Şahmat Olimpiadasında da birinci yeri tutub.
Nodirbek Abdusattorov, Cavohir Sindarov və Nodirbek Yakubboyev artıq beynəlxalq şahmat aləmində tanınan adlardır. Özbəkistanın uğuru təkcə güclü bir şahmatçının yetişməsi ilə bağlı deyil. Ölkədə eyni vaxtda dünya səviyyəsində mübarizə aparan bir neçə gənc qrossmeyster var.
Onlardan biri - 20 yaşlı Cavohir Sindarov daha böyük uğurun astanasındadır. 2026-cı il İddiaçılar Turnirinin qalibi olan şahmatçı dünya çempionluğu uğrunda matçda hindistanlı Dommaracu Qukeşlə qarşılaşacaq.
Beynəlxalq Şahmat Federasiyasının təqviminə əsasən, qarşılaşma noyabrın 22-dən dekabrın 12-dək Cenevrədə keçiriləcək. İlk partiya noyabrın 24-nə təyin olunub. Dünya şahmat tacının taleyi maksimum 14 klassik partiyada həll ediləcək. Matçın mükafat fondu 2,5 milyon dollardır.
Sindarov dünya çempionluğu matçında iştirak etmək hüququ qazanan ilk özbəkistanlı şahmatçıdır. Onun rəqibi Qukeş də 20 yaşındadır. Bu isə qarşılaşmanı dünya şahmatı tarixində ən gənc iştirakçılar arasında keçirilən çempionluq matçına çevirəcək.
Bütün bu nəticələrin arxasında duran əsas məsələlərdən biri idmana ayrılan vəsaitdir. Özbəkistan son illər təkcə peşəkar komandaları maliyyələşdirmir, uşaqların və gənclərin idmanla məşğul olması üçün şərait yaratmağa da çalışır.
Ölkədə həyata keçirilən “Beş təşəbbüs olimpiadası” proqramı 30 yaşadək gəncləri əhatə edir. Rəsmi məlumatlara əsasən, kütləvi idman tədbirlərinə cəlb olunanların sayı 15 milyon nəfərə çatıb. Müntəzəm idmanla məşğul olanların sayı isə son illərdə təxminən 1,5 dəfə artıb.
Bu proqramların əhəmiyyəti ondadır ki, idman yalnız paytaxtda və böyük şəhərlərdə yaşayan uşaqlar üçün əlçatan olmur. Regionlarda keçirilən yarışlar və fəaliyyət göstərən idman məktəbləri daha çox istedadın üzə çıxarılmasına şərait yaradır.
Maliyyə göstəriciləri də dövlətin bu sahəyə diqqətini ortaya qoyur. Özbəkistanın büdcə sənədlərinə əsasən, İdman Nazirliyinə 2025-ci ildə 1,135 trilyon sum (təxminən 160,8 milyon manat), 2026-cı ildə isə 1,230 trilyon sum ayrılması nəzərdə tutulub. Bu, bir il ərzində təxminən 8,4 faiz nominal artım deməkdir.
2026-cı ilin martında qəbul edilmiş prezident qərarı ilə idmanın maliyyələşdirilməsində əlavə dəyişikliklər edilib. İdman təşəbbüslərini dəstəkləmək üçün yaradılan fonda dövlət büdcəsindən 700 milyard sum ayrılması qərara alınıb.
Futbol klubları üçün nəzərdə tutulan vəsait də az deyil. Qərara əsasən, Özbəkistan Superliqasında çıxış edən hər klub üçün 2026-cı ildə 35 milyard sum, 2027-ci ildə 30 milyard sum, 2028-ci ildə isə 25 milyard sum dövlət dəstəyi nəzərdə tutulub.
Ölkə rəhbərliyi idmanın maliyyələşdirilməsini yalnız dövlət büdcəsinin üzərində saxlamaq istəmir. Özəl şirkətlərin və sahibkarların federasiyaların, eləcə də peşəkar klubların idarəçiliyində iştirakına şərait yaradılır. Federasiyaların illik xərclərinin ən azı 20 faizini qarşılayan sahibkarların idarəetməyə cəlb edilməsi də bu siyasətin bir hissəsidir.
Burada əsas məqsəd dövlət vəsaiti ilə yanaşı, özəl sərmayədən də istifadə etməkdir. Ancaq bu modelin nə dərəcədə uğurlu olacağını yalnız ayrılan pulların həcmi ilə qiymətləndirmək mümkün deyil. Klubların maliyyə dayanıqlığı, federasiyaların fəaliyyəti və sərmayələrin nəticəsi də önəmlidir.
Özbəkistanın inkişaf etdiyi sahələrdən biri də Paralimpiya idmanıdır. Son illər regionlarda hazırlıq mərkəzləri yaradılıb, məşqçilərin və digər mütəxəssislərin hazırlanmasına diqqət artırılıb. İdmançıların beynəlxalq yarışlarda iştirak imkanları genişləndirilib. Ölkə 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Gənclər Paralimpiya Asiya Oyunlarında da yüksək nəticə göstərib.
Əlbəttə, Özbəkistanın bütün uğurlarını yalnız son illərdə ayrılan dövlət vəsaiti ilə bağlamaq düzgün olmaz. Ölkədə boks, güləş və digər döyüş idman növlərinin güclü ənənələri var. Bu sahələrdə uzun illər ərzində formalaşmış məşqçi məktəbləri və idmançı hazırlığı təcrübəsi mövcuddur. Son dövrdə həmin ənənələr yeni infrastruktur və maliyyə imkanları ilə dəstəklənir.
Özbəkistan nümunəsinin diqqətçəkən tərəfi də məhz budur. Uşaq idmanından başlayaraq peşəkar klublara, milli komandalara və beynəlxalq yarışlara qədər müxtəlif mərhələlərdə paralel iş aparılır. Nəticədə uğurlar bir idman növündə deyil, bir neçə istiqamətdə özünü göstərir.
İndi Özbəkistanın qarşısında başqa bir vəzifə dayanır: qazanılan nəticələri qoruyub saxlamaq. Dünya çempionatına vəsiqə qazanmaq, Olimpiadada səkkiz qızıl medal əldə etmək və şahmat tacı uğrunda mübarizəyə qoşulmaq böyük uğurlardır. Amma bunların davamlı olması üçün gənc idmançıların yetişdirilməsi, məşqçi hazırlığı və maliyyələşdirmə sistemi eyni səviyyədə işləməlidir.
Özbəkistanın son illərdə keçdiyi yol bir məqamı aydın göstərir: idmanda böyük nəticələr yalnız istedadlı idmançıların hesabına qazanılmır. Həmin istedadları vaxtında tapmaq, yetişdirmək və beynəlxalq səviyyəyə çıxarmaq üçün şərait də lazımdır. Özbəkistanın son uğurlarında bu amillərin birlikdə işləməsi mühüm rol oynayıb.





