Türkiyədə çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Əmir Sarıgülün prokurorluğa verdiyi ifadədə Özgür Özəllə bağlı diqqətçəkən məlumatlar yer alıb.
Gununsesi.info xəbər verir ki, Əmir Sarıgül atası, millət vəkili Mustafa Sarıgülün Özgür Özələ müxtəlif vaxtlarda böyük məbləğdə pul verdiyini bildirib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Emir Sarıgül ifadəsində partiyanın yaradılması mərhələsində baş qərargahın daxili təchizatı üçün 250 min dollar ayrıldığını söyləyib.
Onun sözlərinə görə, atası Mustafa Sarıgül Ankaranın Ümitköy bölgəsində yerləşən restoranlardan birinin qarşısında həmin məbləği Özgür Özələ məxsus avtomobilin içərisinə qoyub.
Əmir Sarıgül bildirib ki, həmin gün atası və Özgür Özəl bir neçə millət vəkili ilə birlikdə restoranda nahar ediblər. Pulun avtomobilə qoyulması barədə məlumatı isə ona şəxsən atası verib.
Sarıgül ifadəsində daha bir pul verilməsi hadisəsindən danışıb.
Onun sözlərinə görə, partiyaya məxsus avtobusun səs sisteminin quraşdırılması və salonunun xüsusi dizayn edilməsi üçün Özgür Özələ əlavə 250 min dollar və ya avro nağd şəkildə verilib.
O bildirib ki, həmin pul Silivridə keçirilən məhkəmə iclasından sonra Böyükçəkməcədə yerləşən balıq restoranının qarşısında təqdim edilib. Sarıgülün sözlərinə görə, hadisə son iki ay ərzində baş verib.
Əmir Sarıgül daha bir hadisənin təfərrüatlarını açıqlayıb. O, atasının təxminən bir ay əvvəl Özgür Özələ əlavə 100 min dollar verdiyini söyləyib.
Onun sözlərinə görə, Mustafa Sarıgül ondan iki ədəd şərf almasını istəyib. Daha sonra İstanbulun Ulus Platin yaşayış kompleksindəki evdə 100 min dollar həmin şərflərlə birlikdə hədiyyə paketinə yerləşdirilib.
Əmir Sarıgül bildirib ki, atası paketi götürərək təyyarə ilə Ankaraya gedib və Özgür Özəlin iştirak etdiyi axşam yeməyində pulu ona təqdim edib. Bu barədə də atasının ertəsi gün ona məlumat verdiyini söyləyib.
İfadəsində özünü təqsirsiz hesab etdiyini bildirən Əmir Sarıgül azadlığa buraxılmasını, həmçinin təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən mühafizə ayrılmasını istəyib.
Partiya sözçüsü Zeynal Əmrə Əmir Sarıgülün Özgür Özəllə bağlı səsləndirdiyi ittihamları təkzib edərək onların həqiqəti əks etdirmədiyini bildirib.




