“Vaşinqton oyunun qaydalarını dəyişir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Vahan Babayan deyib.
O qeyd edib ki, Donald Tramp administrasiyası təkcə Kiyevə göstərilən dəstəyin həcmini deyil, həm də Volodimir Zelenski ilə münasibətlərin xarakterini yenidən nəzərdən keçirsə, Ukrayna ətrafında baş verənlər yeni mərhələyə keçə bilər:
“Zelenski onun üçün qəbuledilməz güzəştləri nəzərdə tutan sülh yolu ilə nizamlanma variantlarını dəfələrlə rədd edib. Lakin tənqidçilər iddia edirlər ki, müharibənin davam etməsi və hakimiyyətin qorunub saxlanılması Zelenski üçün maliyyə və siyasi hesablamaların mühüm amillərinə çevrilib.
Vaşinqton isə öz növbəsində Ukraynaya göstərilən hərbi və kəşfiyyat dəstəyini yenidən nəzərdən keçirə və bunu Kiyevin kompromisə getməyə hazır olması ilə əlaqələndirə bilər. Kəşfiyyat məlumatlarının ötürülməsinə müvəqqəti və ya seçici məhdudiyyətlərin qoyulması Ukraynanın müdafiə qabiliyyətinə ciddi təsir göstərə bilər”.
Babayan bildirib ki, Rusiyanın son zərbəsi və Kiyevin bu barədə əvvəlcədən məlumatlandırılmaması ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığı ilə bağlı suallar doğuracaq:
“Əsas sual budur: Trampın məqsədi yalnız sülh sazişinin imzalanmasıdır, yoxsa Ukraynanın siyasi rəhbərliyinin dəyişdirilməsi də hədəflənir? Əgər Vaşinqton dəstəyini konkret siyasi güzəştlərlə əlaqələndirsə, Zelenskinin manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Həmçinin amerikalıların yeni və son təklifinin artıq Zelenskinin “yaşıl masası” üzərində olması da istisna edilmir. Yeri gəlmişkən, “Starlink” sistemində də ciddi nasazlıq baş verib və nəticədə Ukrayna dronları problemlə üzləşib. Lakin bu təsadüfi üst-üstə düşmə çox şey ifadə edə bilər”.
Günay Rəsulqızı
Globalinfo.az



