Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskı Kiyevə və Avropaya məsləhətlər verməsinə, eləcə də rusiyalı əsgərlərə empatiya ilə yanaşmasına görə tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “ZDF” telekanalının efirində danışıb.
“İlon Maskın təsiri, onun paylaşımlarında yazdıqları, Avropanın necə yaşamalı olduğu, Almaniyada kimin aparıcı rol oynamalı olduğu, Ukraynada kimin hakimiyyətdə olmalı olduğu barədə düşüncələri sadəcə sözlər deyil. Bu fikirlər çox varlı bir insandan səsləndikdə təsir gücünə malik olur. Onun bu məsələlərə təsir göstərməyə haqqı yoxdur. O, başqa ölkənin vətəndaşıdır”, – deyə Zelenski bildirib.
Ukrayna lideri, həmçinin Maskın Rusiya ilə münaqişəyə münasibətindən narazı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Mask rusiyalı əsgərlərə insani yanaşma nümayiş etdirir.
Bundan əlavə, Ukrayna Prezidenti bu qədər böyük hakimiyyətin çox varlı bir şəxsin əlində cəmləşməsinin son dərəcə təhlükəli olduğunu qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az



