Cənubi Qafqazda geosiyasi tarazlığın sürətlə dəyişdiyi bir dövrdə Ermənistanın xarici siyasət kursu yenidən diqqət mərkəzindədir. Nüfuzlu “EU Today” nəşrində dərc olunan məqalədə İrəvanın Avropa İttifaqına (Aİ) yaxınlaşması və bununla bağlı qarşıda duran ciddi çağırışlar geniş təhlil olunub.
Globalinfo.az xəbər verir ki, Qərb mediası Ermənistanın Aİ-yə doğru addımladığını, lakin Baş nazir Nikol Paşinyanın Brüssel ilə Moskva arasında olduqca mürəkkəb və ağrılı seçim etmək məcburiyyətində qalacağını yazır.
Nəşr qeyd edir ki, Ermənistanın Aİ-yə üzvlük yolunda qarşılaşdığı əsas maneələrdən biri onun Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) iştirakıdır. Bu birliyin gömrük qaydaları və öhdəlikləri Avropa İttifaqının vahid bazarı və gömrük ittifaqı ilə heç bir şəkildə uyğun gəlmir.
Məqalədə vurğulanır ki, Rusiyanın hələ də Ermənistan üçün vacib ticarət tərəfdaşı olaraq qalması, ölkənin enerji təchizatı, nəqliyyat xətləri və bazarlarının Moskva ilə sıx şəkildə bağlı olması prosesi çətinləşdirir:
“Rusiyadan asılılığın azaldılması və Avropa standartlarına keçid genişmiqyaslı tənzimləmə və gömrük dəyişiklikləri tələb edir”.
Hələlik rəsmi İrəvan Aİİ-dən çıxmaqla və ya Rusiya ilə iqtisadi əlaqələri dərhal qırmaqla bağlı açıqlama verməyib. Nikol Paşinyan hökumətinin strategiyası birtərəfli asılılığı azaltmaq üçün xarici əlaqələri şaxələndirməkdən ibarətdir.
Eyni zamanda, Azərbaycanla münasibətlərdə baş verən dəyişikliklər Ermənistana yeni imkanlar açır. Əgər normallaşma davam edərsə, İrəvan tarixən onu Rusiyadan asılı edən nəqliyyat blokadasından tədricən xilas olacaq.
“EU Today” qeyd edir ki, Avropaya inteqrasiya Ermənistan üçün təkcə iqtisadi seçim deyil, həm də daha genişmiqyaslı xarici siyasət strategiyasının yenidən nəzərdən keçirilməsidir. Lakin bu kursun uğuru daxili islahatlardan, qonşularla münasibətlərdən, Aİİ-dəki şərtlərdən və Aİ-nin regionda mövqeyini genişləndirməyə nə dərəcədə hazır olmasından birbaşa asılıdır.
Əliyar Xəlil,
Globalinfo.az


