Ölkə · Globalinfo.az

Metro, tramvaya görə qanun dəyişirik, yeni tərif verək – Razi Nurullayev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Metro, tramvaya görə qanun dəyişirik, yeni tərif verək – Razi Nurullayev xəbəri üçün şəkil

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun layihəsi ilə bağlı bir prinsipial məsələyə toxunmaq istəyirəm. Biz artıq neçə dəfədir ki, dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı qanunvericiliyə dəyişiklik edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, hər dəfə yeni bir obyektin, yeni bir infrastruktur layihəsinin adını qanuna əlavə edirik:

“Bu dəfə tunellər, metro və tramvay xətləri, stansiyalar, depolar daha konkret şəkildə qanuna daxil edilir. Sabah başqa bir nəqliyyat vasitəsi, yeni bir kommunikasiya sistemi və ya indiyə qədər nəzərdə tutmadığımız infrastruktur növü meydana çıxacaq. Yenidən qanuna dəyişiklik etməli olacağıq?

Məncə, biz qanun yaradıcılığında bu qədər xırdaçılığa getməməliyik.

Qanun hər yeni layihənin arxasınca qaçmamalıdır. Əksinə, elə yazılmalıdır ki, gələcəkdə ortaya çıxacaq layihələri də əhatə edə bilsin. Təklif edirəm ki, dövlət ehtiyacları anlayışına daha geniş və universal hüquqi tərif verək.

Məsələn, belə yaza bilərik: “Dövlət ehtiyacları dedikdə, ictimai maraqlara xidmət edən, dövlət büdcəsinin vəsaiti hesabına, dövlət zəmanəti ilə və ya dövlətin qərarı əsasında həyata keçirilən strateji əhəmiyyətli infrastruktur layihələrinin reallaşdırılması üçün zəruri olan və qanunla müəyyən edilmiş şərtlərə uyğun torpaq sahələrinin alınmasını tələb edən hallar başa düşülür.”

Əlbəttə, burada mülkiyyətçinin hüquqları, ədalətli kompensasiya və ictimai marağın mövcudluğu əsas şərt olaraq qalmalıdır. Beynəlxalq təcrübədə də “ictimai ehtiyac” və “ictimai maraq” kimi ümumi hüquqi anlayışlardan istifadə olunur. Əsas məsələ hər bir obyektin adını qanunda sadalamaq deyil, dövlətin hansı məqsədlə və hansı şərtlərlə şəxsi mülkiyyətə müdaxilə edə biləcəyini dəqiq müəyyən etməkdir.

Biz qanunları yalnız bugünkü ehtiyaclar üçün yazmamalıyıq. Qanun gələcəyi də nəzərə almalıdır. Əgər hər dəfə bir yolun, tunelin, tramvayın və ya başqa bir obyektin adını əlavə etmək üçün qanunu dəyişiriksə, deməli, qanunun özündə daha fundamental yanaşmaya ehtiyac var.

Təklif edirəm ki, bu məsələyə kompleks yanaşaq və dövlət ehtiyacları anlayışını birdəfəlik daha aydın, universal və uzunmüddətli formada müəyyən edək.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑