Dünya · Globalinfo.az

Makron rejimi bu böyük səhvləri etdi – Fransanı ayağa qaldıran antixalq “islahatlar”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makron rejimi bu böyük səhvləri etdi – Fransanı ayağa qaldıran antixalq “islahatlar” xəbəri üçün şəkil

Fransada davam edən etirazlar ölkənin siyasi gündəmini yenidən Makron hakimiyyətinə yönəldib. Belə ki, artan yaşayış xərcləri, sosial bərabərsizlik və müxtəlif təbəqələrin narazılığı Makron rejiminə qarşı etirazları gücləndirir. Cəmiyyətdə getdikcə daha çox səslənən “Makron diktaturası” ifadəsi isə ölkədəki siyasi vəziyyət ətrafında müzakirələri daha da dərinləşdirir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Makronun 2017-ci ildə hakimiyyətə gəlməsindən sonra Fransada həyata keçirilən sosial-iqtisadi islahatlar cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi narazılıqlara səbəb olub:

“Makron hökuməti əmək bazarının liberallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və dövlət xərclərinin optimallaşdırılması istiqamətində addımlar atsa da, bu siyasətin sosial nəticələri birmənalı qarşılanmayıb. Xüsusilə aşağı və orta gəlirli əhali qrupları yaşayış xərclərinin artmasından, alıcılıq qabiliyyətinin zəifləməsindən və sosial təminat sistemindəki dəyişikliklərdən narazılıqlarını bildiriblər. 2018-ci ildə yanacaq vergilərinə etiraz olaraq başlayan və sonradan daha geniş sosial tələblərlə davam edən “Sarı jiletlilər” hərəkatı hakimiyyətlə cəmiyyət arasında narazılığın ən bariz nümunələrindən biri idi. 2023-cü ildə pensiya yaşının 62-dən 64-ə qaldırılması isə ölkədə kütləvi nümayişlərə səbəb oldu. Xüsusilə bu islahatın parlamentdə adi səsvermə keçirilmədən Konstitusiyanın 49.3-cü maddəsi əsasında qəbul edilməsi hökumətin qərarvermə üsuluna qarşı tənqidləri daha da gücləndirdi”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloqun sözlərinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Makronun iqtisadi siyasətində əldə edilən müəyyən nəticələr cəmiyyətin sosial gözləntilərini tam qarşılaya bilməyib:

“İşsizlik səviyyəsi prezidentliyinin ilk illərində azalsa da, sonrakı dövrdə yenidən artım müşahidə olunub. Fransada istehlak qiymətlərinin yüksəlməsi, dövlət borcunun artması və büdcə məhdudiyyətləri sosial narazılığı daha da dərinləşdirib. Makronun tərəfdarları islahatları iqtisadi rəqabət qabiliyyətinin artırılması və dövlət maliyyəsinin dayanıqlığının təmin edilməsi baxımından zəruri hesab etsələr də, tənqidçilər sosial yükün əhalinin müxtəlif təbəqələri arasında qeyri-bərabər bölüşdürüldüyünü vurğulayırlar. Xüsusilə pensiyaçılar, tələbələr, fermerlər və əməkçi təbəqələr arasında narazılığın davam etməsi Fransada sosial-siyasi gərginliyin daha geniş xarakter aldığını göstərir. Hesab edirəm ki, mövcud etirazlar yalnız ayrı-ayrı iqtisadi qərarlara reaksiya deyil, həm də Fransa cəmiyyətinin müəyyən hissəsində Makron hakimiyyətinin idarəçilik metodlarına və sosial siyasətinə qarşı formalaşmış etimadsızlığın ifadəsidir”.

Ləman İmran
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑