ABŞ Prezidenti Donald Tramp Krımın Ukrayna üçün strateji və iqtisadi baxımdan əhəmiyyətli ərazi olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu fikirləri “Newsmax” telekanalına müsahibəsində səsləndirib. O, eyni zamanda yarımadanın Kiyev tərəfindən əvvəlki dövrdə itirildiyini iddia edib.
Onun sözlərinə görə, Krımla bağlı vəziyyət Barak Obamanın prezidentliyi dövründə başlayan proseslərin nəticəsidir.
“Əslində, hər şey Barak Obama ilə başladı. Krım, şübhəsiz ki, Ukraynanın ən dəyərli hissələrindən biri idi. Qara dənizin sahilində yerləşən gözəl bir torpaq parçasıdır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti daşınmaz əmlak sahəsində çalışdığını xatırladaraq, ərazilərin dəyərini yaxşı anladığını da bildirib. O, Ukraynanın Krımı çoxdan itirdiyi barədə mövqeyini bir daha təkrarlayıb.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib. Ukrayna və beynəlxalq ictimaiyyətin böyük hissəsi yarımadanı Ukraynanın ərazisi kimi tanıyır. Rusiya isə Krımı öz ərazisi hesab edir.
Tahir Turan
Globalinfo.az



