Ukraynanın paytaxtı Kiyevdə vəziyyət ağır olaraq qalır. Şəhər meri Vitali Kliçko Rusiyanın zərbələri nəticəsində enerji və su təchizatında yaranan problemlərin paytaxtı “sağ qalma rejiminə” keçməyə məcbur etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Kliçko “France-Presse” agentliyinə açıqlamasında şəhərdə vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyini qeyd edib.
“Bu gün söhbət sağ qalmaqdan gedir. Su təchizatında yaranacaq böhran kifayət qədər ciddi ola bilər.”
Son günlər Kiyevə endirilən zərbələr nəticəsində şəhərin enerji infrastrukturunda fasilələr yaranıb. Elektrik enerjisinin kəsilməsi su nasoslarının fəaliyyətinə də təsir göstərib və paytaxtın bir sıra rayonlarında su təchizatında problemlər qeydə alınıb.
Kliçko bildirib ki, şəhər qışa hazırlıq çərçivəsində alternativ istilik sistemləri qurur, həmçinin yanacaq, ərzaq və içməli su ehtiyatları toplayır.
Bununla belə, mer hava hücumundan müdafiənin effektivliyinin Kiyevin normal fəaliyyət göstərməsi üçün əsas amillərdən biri olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az






