Əfsanəvi cazmen Vaqif Mustafazadənin ilk nikahından dünyaya gələn qızı Lalə Mustafazadənin həyat və fəaliyyəti araşdırılıb.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, jurnalist Hafiz Əhmədovun araşdırması zamanı Lalənin beynəlxalq musiqi müsabiqəsində qazandığı uğur, Fransadakı karyerası, ailə həyatı və ekran fəaliyyəti ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Lalə Mustafazadənin musiqi karyerasındakı mühüm uğurlardan biri 1991-ci ildə Fransanın Épinal şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində qazandığı birinci Qran-pri mükafatıdır. Müsabiqənin rəsmi nəticələrində onun adı Azərbaycanı təmsil edən pianoçu kimi qeyd olunur.
Vaqif Mustafazadə Azərbaycan musiqi tarixində cazla muğamı özünəməxsus şəkildə birləşdirən sənətkar kimi tanınır. Atasının musiqi irsi ilə bağlılığına baxmayaraq, Lalə öz peşəkar yolunu klassik piano ifaçılığı istiqamətində qurub. Onun beynəlxalq müsabiqədə qazandığı uğur bu yolun mühüm mərhələlərindən biri olub.
Lala Cholous uzun illərdir Fransada pianoçu kimi fəaliyyət göstərir. 1991-ci ildən konsert pianoçusu kimi çalışır, Fransada və digər ölkələrdə – İtaliya, Almaniya, Böyük Britaniya və Rusiyada – konsertlərdə iştirak edir, həmçinin musiqi yazıları hazırlayır.
Onun karyerasının diqqətçəkən mərhələlərindən biri Paris Milli Operasındakı fəaliyyəti olub. Lala Cholous 1999-cu ilin sentyabrından 2019-cu ilin noyabrınadək bu qurumda pianoçu kimi çalışıb. Burada balet artistlərinin gündəlik məşqlərinin musiqi müşayiətini təmin edib.
Bu iş klassik piano ifaçılığından əlavə, rəqs sənətinin tələblərini, məşqlərin ritmini və balet artistlərinin musiqi ilə koordinasiyasını dərindən bilməyi tələb edir. Onun Paris Operasındakı təxminən 20 illik fəaliyyəti peşəkar təcrübəsinin mühüm hissəsini təşkil edir.
Lala Cholous 2025-ci ilin yanvarından etibarən rəqqaslar, müğənnilər və instrumental ifaçılar üçün musiqi hazırlığı sahəsində də fəaliyyət göstərir. O, müstəqil musiqi fəaliyyəti ilə yanaşı, Fransada “La Musıka” adlı şirkət qurub.
Lalə Mustafazadə musiqi fəaliyyəti ilə yanaşı, aktrisa kimi də kamera qarşısına keçib. O, 2025-ci ildə Amazon Prime Video platformasında yayımlanan Étoile serialında pianoçu obrazını canlandırıb.
Lala Cholousun oğlu Michaël Cholous Fransada informasiya texnologiyaları sahəsində təhsil alır.

