Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirdiyi, hətta öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi, ölüm xəbərinin isə ictimaiyyətdən gizlədildiyi iddia olunur.
Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkədəki paylaşımında bildirib ki, Kim Çen Inın ölümü ilə bağlı yayılan şayiələr ölkədə hakimiyyətin varisliyi məsələsini gündəmə gətirə və ciddi siyasi böhrana səbəb ola bilər.
O, həmçinin Çin Kommunist Partiyasının Kim Çen İnin qızı Kim Cuenin hakimiyyətini möhkəmləndirməsinə dəstək vermək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyinə dair iddiaların yayıldığını qeyd edib.
Qeyd edək ki, siyasi analitiklər Kim Cuenin Şimali Koreya liderinin mümkün varisi ola biləcəyini düşünürlər.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov Kim Çen İnin ölümü ilə bağlı xəbərin hələlik təsdiqlənmədiyini bildirib:
“Bu, sadəcə, informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Əgər o, həqiqətən də vəfat edibsə, hadisə xeyli əvvəl baş vermiş və bu barədə məlumat indi açıqlanmış ola bilər. Belə ki, Şimali Koreya kimi qapalı dövlətlərdə bu tip məlumatların operativ şəkildə yayılması, adətən, mümkün olmur.
Kənan Novruzov
Hazırda əsas sual mümkün varislə bağlıdır. Ehtimal olunur ki, hakimiyyətə onun qızı gələ bilər. Hər halda, Kim Çen İn mühüm tədbirlərə, o cümlədən nüvə raketlərinin sınaqlarına qızı ilə birlikdə qatılırdı. Bu, onun qızını mümkün varis kimi nəzərdən keçirdiyinə və siyasi lider kimi hazırladığına dair ciddi mesaj kimi qiymətləndirilə bilər”.
Bəzi ekspertlər iddia edirlər ki, Kim Çen ilə bağlı xəbərlər təsadüfən yayılmayıb. Onu ölümü ilə bağlı informasiyanın arxasında böyük planların dayandığı deyilir. Əvvəla, Şimali Koreya qapalı ölkə olsa da liderin ölüm xəbəri yəqin orda da yayılıb. Bununla da ölkədə ictimai fikirdə çaşqınlıq yaratmaq niyyətinin olduğu mümkündür. İkincisi, bu xəbərin yalan olduğu deyilsə də bir neçə gün sonra həqiqətən də Kim Çenin ölümü reallaşa bilər. Bu baş versə, Şimali Koreyada ciddi rejim dəyişikliyinin olacağı istisna edilmir. Kim Çeni “öldürən” qüvvələr yəqin ondan sonrasını da planlaşdırıblar. Bu isə Rusiya və İran kimi dövlətlərin müttəfiqlik və dəstək zəncirinin qırılması, təklənmələri demək olacaq. Bir sözlə, şayiə kimi görünən bu xəbərin arxasında qlobal gedişlərin dayandığı istisna deyil.
Turan Rzayev
Globalinfo.az



