Dünya · Yeni Çağ

Vaşinqton razılaşmasından 2031 bəhanəsinə: Paşinyan sülh gündəliyini pozur? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vaşinqton razılaşmasından 2031 bəhanəsinə: Paşinyan sülh gündəliyini pozur? - Yeni Çağ xəbəri üçün şəkil

“2031-ci ilin hədəf kimi elan olunması Ermənistan hakimiyyətinin seçimidir, lakin bu, Azərbaycan üçün gözləmək öhdəliyi yaratmır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

media-whatsapp-image-2026-10-20-at-17-02-52

E. Akimova Ermənistan hakimiyyətinin sülh müqaviləsini yubatmaq cəhdlərini və prosesi 2031-ci ilə qədər uzatması ehtimalını tənqid edib:

“Ermənistanın seçkilərdən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və «Tramp marşrutu»nun (TRİPP) icrasını yaxın perspektivin əsas hədəfləri kimi təqdim etməsi, seçkilər başa çatdıqdan sonra isə sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilin göstərilməsi Paşinyan hakimiyyətinin siyasi vədləri ilə real addımları arasında ciddi ziddiyyət yaradır. Əgər sülh Ermənistanın strateji seçimidirsə, niyə seçkidən əvvəl təxirəsalınmaz hesab edilən məsələlər indi beş il sonraya planlaşdırılır? Bu sual Ermənistan hakimiyyətinin sülh gündəliyinə nə dərəcədə sadiq olduğunu və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsini haqlı olaraq müzakirə predmetinə çevirir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş razılaşmalar, sülh sazişinin mətninin paraflanması və kommunikasiyaların açılması istiqamətində müəyyənləşdirilmiş prinsiplər regionda yeni mərhələnin əsasını qoyub. Həmin sənədlərdə TRİPP layihəsinin mümkün qədər tez nəticəyə çatdırılması hədəfi də əksini tapıb. Buna görə də 2031-ci ilin Ermənistanın siyasi rəhbərliyi tərəfindən hədəf kimi göstərilməsi mövcud razılaşmada həmin tarixə dair konkret öhdəliyin olduğu anlamına gəlmir; bu, Paşinyanın elan etdiyi siyasi müddətdir.

Əslində, Ermənistan hakimiyyəti seçkilərdən əvvəl sülhü sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın təminatı kimi təqdim edir, seçicilərinə yeni imkanlar vəd edirdi. Seçkidən sonra isə sülh müqaviləsinin imzalanması və ratifikasiyasının 2031-ci ilədək uzanan perspektivdə nəzərdə tutulması həmin vədlərin nə dərəcədə ardıcıl olduğunu sual altına alır. İctimai Televiziyada da bu mövqeyin tənqid olunması məsələnin Ermənistanın öz daxili ictimai müzakirələrində də narahatlıq doğurduğunu göstərir. Sülh seçkiqabağı təbliğat vasitəsinə çevrilməməli, siyasi mandat alındıqdan sonra konkret qərarlar və əməli addımlarla təsdiqlənməlidir”.

E. Akimova Azərbaycanın bu məsələdə dəyişməz mövqeyini bir daha diqqətə çatdırıb:

“Möhtərəm cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi xəbərdarlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın təhlükəsizliyinin və əldə etdiyi tarixi nəticələrin qorunması üçün daim güclü və ayıq-sayıq olmağın vacibliyini vurğulayaraq bildirdi ki, biz heç vaxt bunu unutmamalıyıq, ayıq-sayıq olmalıyıq və həmişə, hər gün onlardan 10 dəfə güclü olmalıyıq. Bu mövqe Azərbaycanın sülhə hazır olmaqla yanaşı, öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə qorumaq prinsipinə əsaslanır.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda davamlı sülhün və iqtisadi əməkdaşlığın formalaşması üçün siyasi iradə nümayiş etdirib. Yüklərin Azərbaycan ərazisindən tranziti, iqtisadi əlaqələrin genişlənməsi və TRİPP layihəsi üzrə müzakirələr sülhün praktik faydalarının reallaşa biləcəyini göstərir. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirən bağlantının təmin olunması ilə yanaşı, Ermənistanın tranzit imkanlarının genişlənməsinə və Cənubi Qafqazın beynəlxalq nəqliyyat şəbəkələrində rolunun artmasına da şərait yarada bilər. Lakin bunun üçün bəyanatlar konkret icra mexanizmləri ilə tamamlanmalı, razılaşdırılmış prinsiplər yerinə yetirilməli və proses süni şəkildə yubadılmamalıdır.

Əlbəttə, sülh müqaviləsinin imzalanması ilə ratifikasiyası ayrı-ayrı hüquqi mərhələlərdir və Ermənistanın daxili siyasi-konstitusion prosedurları müəyyən rol oynaya bilər. Lakin bu amil öhdəliklərin qeyri-müəyyən müddətə təxirə salınmasına bəraət qazandırmır”.

Sonda deputat qeyd edib ki, Ermənistan sülh müqaviləsini uzatmamalı və öhdəliklərini tez bir zamanda icra etməlidir, əks halda Azərbaycan istənilən ssenariyə hazırdır:

“Azərbaycanın mövqeyi aydındır: ölkəmiz regionda sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın tərəfdarıdır, amma sülh adı altında vaxt udulmasını və razılaşmaların qeyri-müəyyən gələcəyə saxlanmasını qəbul edə bilməz.

Sülh təqvimdə göstərilən tarix deyil, siyasi iradə və məsuliyyət tələb edən prosesdir. 2031-ci ilin hədəf kimi elan olunması Ermənistan hakimiyyətinin seçimidir, lakin bu, Azərbaycan üçün gözləmək öhdəliyi yaratmır. Paşinyan hökuməti sülhə sadiqliyini yeni vədlərlə deyil, mövcud razılaşmaları vaxtında və ardıcıl şəkildə yerinə yetirməklə sübut etməlidir. Əks halda, seçkidən əvvəlki bəyanatlarla seçkidən sonrakı planlar arasındakı ziddiyyət Ermənistanın özünə olan etimadı zəiflədə və regionda davamlı sülhün bərqərar olmasını çətinləşdirə bilər”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑