İsrail Prezidenti İsxak Hersoqun iqamətgahında şübhəli əşyanın aşkarlanması ilə əlaqədar həyəcan elan edilib. Təhlükəsizlik xidmətinin standart yoxlaması zamanı aşkar edilən əşyanın araşdırılması üçün hadisə yerinə polis istehkamçıları cəlb olunub.
Globalinfo.az xəbər verir ki, hadisə ölkədə yeni hökumətin formalaşdırılması ərəfəsində parlament fraksiyaları ilə rəsmi məsləhətləşmələrin başlamasına az qalmış baş verib.
Yaranan fövqəladə vəziyyətə rəğmən, dövlət başçısı parlamentə daxil olan partiyaların liderləri ilə məsləhətləşmələrə başlayıb. Həmin partiyalar baş nazir vəzifəsinə namizədin müəyyənləşdirilməsi ilə bağlı rəsmi tövsiyələrini təqdim etməlidirlər.
Eyni zamanda İsraildə keçirilən son seçkilərə mümkün xarici müdaxilə ilə bağlı araşdırma aparılır. Mərkəzi Seçki Komissiyasının sədri Noam Zolberq ölkənin daxili siyasətinə təsir göstərmək məqsədilə xaricdən böyük həcmdə qeyri-rəsmi maliyyə vəsaitlərinin daxil olması ilə bağlı şübhələrin yarandığını bildirib.
Bununla belə, o vurğulayıb ki, mövcud əməliyyat məlumatları seçkilərin nəticələrini şübhə altına almır və yeni hökumətin formalaşdırılması, eləcə də təsdiqlənməsi prosesinə hüquqi maneə yaratmır.
Əliyar Xəlil



