Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan xalqı ermənilərin yenə də köhnə oyunlara başladığını bilməlidir. Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti referendum keçirmək niyyətində deyil.
Ümumilikdə, son zamanlarda Ermənistanda müşahidə olunan vəziyyət və siyasətçilərin səsləndirdiyi bəyantalar bu ölkənin sülhdən yayınmağa çalışdığı təəssüratını formalaşdırır.
Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsini niyə 2031-ci ilə qədər uzatmağa çalışır? Ermənistanın məqsədi nədən ibarətdir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Ermənistanın son günlər sərgilədiyi davranış sürprizdir:
“Hələ onun arxasında konkret nələrin durduğu tam açıqlanmayıb. Nə Ermənistan tərəfi bunu özü açıqlayır, nə də ekspertlər gerçək səbəbini tapıb.
Ermənistan həm İran, həm də Rusiya ilə müəyyən danışıqlar aparır. Eyni zamanda ABŞ və Avropa İttifaqı ilə də münasibətləri var. Həmçinin Azərbaycan və Türkiyə ilə də bəzi istiqamətlərdə yumşalmalar müşahidə olunur, əməkdaşlıq həyata keçirilir.
Ermənistan həm də silahlanır. Hindistandan, Fransadan silahlar alır. Yəni bütün hallarda sülh gündəliyinə sadiq davranmır, sanki sülh istəyir, amma eyni zamanda silahlanır, güclənir və sair.
Görünür qlobal proseslərdə hansısa korrektələr edilir və Ermənistan da məlumatlıdır. Məhz bu qlobal trendə uyğun olaraq nələrisə dəyişirlər. Yaxud da mümkündür ki, regional güclər – konkret olaraq İran və Rusiya Ermənistana hansısa şərtlər irəli sürüb. Bu şərtlər çərçivəsində İrəvan Azərbaycanla sülh işini bir qədər ertələməyi öhdəlik olaraq götürüb, söz verib, ya da hansısa təhlükələr və təhdidlər var. Bu təhdidləri bir qədər zərərsizləşdirmək üçün belə bir gediş edirlər”.

Əli Mustafayev
Siyasi şərhçinin sözlərinə görə, digər ehtimallardan biri də Ermənistanın həmin gücləri aldatmağa çalışmasıdır:
“Yəni belə bir görüntü yaradılır ki, guya həmin qüvvələrin icazəsi olmadan sülh sazişi imzalanmayacaq. Amma əslində, hansısa təhlükələrdən, risklərdən qorunmaq üçün yəni taktiki olaraq bu addımlar atılır.
Hələlik bu gedişin səbəbini Paşinyan və onun komandası, bir də onların hansı güclərlə, hansı dövlətlərlə nə danışmasından, nə razılaşmasından irəli gələrək bu prosesdə iştirak edənlər bilir.
Hər halda, Ermənistan öz sülh vədinə sadiq qalacaq. Yəni yenidən bu platformaya qayıdacaq.
Bu məsələlər uzanacaqsa, indi sözdə də Səməd Seyidovun bildirdiyi kimi, yəni hansı oyunlar gedirsə, o halda görünür biz də razılaşmalıyıq. İstənilən ssenariyə, istənilən hadisələrin istiqamətinə hazır olmalıyıq. O cümlədən, lap qarşdurmaya, müharibəyə də. Əgər doğrudan da burada sülh sazişi məsələsi arxa plana keçirsə, o zaman yerinə müharibə gəlir.
Deməli, biz bütün hallarda onlarla müharibəyə də hazır olmalıyıq ki, Ermənistanın belə addımları sabah bizi hazırlıqsız yaxalanma vəziyyətinə qoymasın”.
Safura Bənnayeva
Globalinfo.az



