Bakı şəhəri Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, işin hallarına əsasən, cavabdeh 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Mərhumun qızı məhkəməyə müraciət edərək atasının anasından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsini tələb edib. İddiaçı bildirib ki, cavabdeh mərhumun sağlığında ona qarşı kobud davranıb, ailə münasibətlərini pozan hərəkətlərə yol verib və nəticədə onu qəsdən həyatdan məhrum edib.
Cavabdeh isə iddiaya etiraz edərək ailəsinə uzun illər maddi və mənəvi dəstək göstərdiyini, cinayətin miras əmlakı əldə etmək məqsədilə törədilmədiyini bildirib.
Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin mərhum həyat yoldaşından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edib.
Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində baş verdiyini, miras əldə etmək məqsədi daşımadığını və buna görə də ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını irəli sürüb.
Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.

