“Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara hazır olduğunu bildirsə də, Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getmir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
O, sözügedən mənzərəni “Zelenskinin oyunu” kimi qiymətləndirib.
“Moskvada nə işi var? Salamlaşıb, özünün «95-ci kvartal» verilişindən hansısa nömrəni nümayiş etdirəcək? Bütün bunlar onun guya danışıqlara hazır olduğunu göstərmək üçün ictimaiyyət qarşısında oynadığı bir oyundur”, – deyə senator bildirib.
Cabarovun fikrincə, Ukrayna lideri çox qorxaqdır:
“Əgər Zelenski həqiqətən danışıqlara hazır olsaydı, çoxdan Moskvaya gələrdi”.
Noyabrın 1-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Zelenski Putinlə görüşmək və danışmaq istəyirsə, Moskvaya gələ bilər.
Uşakov həmçinin qeyd edib ki, Rusiya Prezidenti heç vaxt Ukrayna lideri ilə danışmaqdan imtina etməyib. Onun sözlərinə görə, Zelenski zəng edərsə, Putin zəngə cavab verəcək.
Zelenskinin özü isə Putinlə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib və onu Kiyevə dəvət edib.
Əliyar Xəlil
Globalinfo.az



