Avropa ölkələri Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün Vladimir Putinə iki mümkün ssenari təqdim edə bilər.
Globalinfo.az xəbər verir ki, təkliflərdən biri mövcud cəbhə xəttində döyüşlərin dayandırılmasını, digəri isə Donbasın qalan hissəsinin Rusiyaya verilməsi müqabilində Ukraynanın NATO üzvlüyünün təmin olunmasını nəzərdə tutur.
“Financial Times” qəzetinin köşə yazarı Gideon Raxman bu ehtimalları təhlil edərək bildirib ki, hər iki variant Ukrayna cəmiyyətində ciddi narazılıq və xəyanət hissi yarada bilər.
Onun fikrincə, buna baxmayaraq, cəmiyyətdə sülhə olan istəyin güclü olması Ukrayna Prezidenti Volodimir Zelenskiyə belə razılaşmaları ictimaiyyətə qəbul etdirmək imkanı verə bilər.
Birinci ssenariyə əsasən, münaqişə hazırkı cəbhə xətti boyunca dondurulur və Ukraynanın NATO-ya üzv olmayacağına dair zəmanətlər verilir. İkinci variant isə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Rusiyaya verilməsini, əvəzində Kiyevin NATO üzvlüyünün təmin olunmasını nəzərdə tutur.
Raxman qeyd edib ki, Avropa liderləri Moskvanın bu təkliflərdən hər hansı birinə razılıq verəcəyinə əmin deyillər. Bununla belə, Avropada Rusiya ilə sülh danışıqlarında birbaşa iştirakın vacibliyi barədə mövqelər güclənir.
Köşə yazarının sözlərinə görə, Avropa liderləri ilə Vladimir Putin arasında telefon danışığı da baş tuta bilər. Bunun üçün kommunikasiya kanallarının artıq açıq olduğu bildirilir.
Tahir Turan
Globalinfo.az


