Almaniyanın Tehrandakı səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Rəsmi Tehran Almaniya rəsmilərinin İrana qarşı açıqlamalarına sərt etirazını bildirib.
"Tehrana qarşı irəli sürülən təhlükəsizliklə bağlı ittihamlar Almaniya hökumətinin hərbi təcavüzü dəstəkləməsini ört-basdır etməsi cəhdidir. Bu cür manevrlər Almaniya hökumətini müharibə cinayətlərində iştirakına görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin qarşısını heç bir şəkildə almayacaq", - məlumatda qeyd olunur.
Xatırladaq ki, 15 oktyabrda Hamburq Ali Regional Məhkəməsi İrana casusluq və Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının prezidenti Josef Schuster və Alman-İsrail Cəmiyyətinin prezidenti Volker Beckə qarşı sui-qəsd cəhdində iştirak ittihamları ilə Danimarka və Əfqanıstan vətəndaşlarını uzunmüddətli həbs cəzasına məhkum edib. Almaniya Baş Prokurorluğunun məlumatına görə, əfqan əsilli 54 yaşlı Danimarka vətəndaşı təlimatları birbaşa İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) alıb. Bu məlumatın açıqlanmasından sonra - 19 oktyabrda İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılmışdı. ///teleqraf///




