Kolumbiya hökuməti ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “KOMU8” nəşri məlumat yayıb.
Qeyd olunub ki, təxminən 2 ay əvvəl vəzifəsinin icrasına başlayan Kolumbiya Prezidenti Abelardo de la Espriella narkoterrorizmdə ittiham etdiyi Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) və Milli Azadlıq Ordusunun (ELN) keçmiş üzvlərinə qarşı hərtərəfli hücum əmri verib.
Belə ki, Venesuela ilə həmsərhəd olan Arauka əyalətindəki 18-ci Briqada Komandanlığında keçirilən təhlükəsizlik sammitində çıxış edən De la Espriella qanunsuz qruplaşmalara ağır zərbələr vurulacağını vurğulayıb.
Tərəfdarları tərəfindən “pələng” ləqəbi ilə tanınan Kolumbiya prezidenti siyasi iradənin qətiyyətini bu sözlərlə ifadə edib:
“Mən ELN və FARC elementlərinə qarşı hərtərəfli hücum üçün təlimatlar vermişəm. Bu bədbəxt narkoterrorçular siyasi iradənin ‘pələng dövründə’ konkret hərəkətlərə necə çevriləcəyini görəcəklər”.
Başladılan hərbi əməliyyatların əsas məqsədləri sırasında təşkilatların yüksək vəzifəli şəxslərinin zərərsizləşdirilməsi və onların maliyyə resurslarının kəsilməsi yer alır. Dövlət başçısı De la Espriella qanunsuz qruplar tamamilə təmizlənənə qədər əməliyyatların fasiləsiz davam edəcəyini bildirib.
Tahir Turan
Globalinfo.az




