Türkiyədə DEM Partinin prezident Rəcəb Tayyib Ərdoğanı yenidən namizəd olacağı təqdirdə dəstəkləyib-dəstəkləməyəcəyi müzakirə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Partiyanın Diyarbəkir millət vəkili Cengiz Çandar bildirib ki, bu məsələdə əsas amil Ərdoğanın seçilmək üçün DEM Partinin və kürd seçicilərin dəstəyinə ehtiyac duyub-duymamasıdır.
Çandar prosesdə etimadın yaranması üçün bir sıra addımların atılmasını vacib sayıb. O, Səlahəddin Dəmirtaşın azadlığa buraxılmasını və Türkiyədə bələdiyyələrə təyin olunan qəyyumlar praktikasına son qoyulmasını tələb edib.
Millət vəkili, həmçinin Konstitusiyanın ana dilində təhsil və vətəndaşlıq anlayışını tənzimləyən 42-ci və 66-cı maddələrinin dəyişdirilməsini istəyib.
Qeyd edək ki, Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 2016-cı ilin noyabr ayından həbsdədir və son olaraq 16 may 2024-cü ildə “Kobani davası” üzrə ümumilikdə 42 il həbs cəzasına məhkum edilib.
Safura Bənnayeva
Globalinfo.az



