Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovla yeni müqavilə imzalamağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Süleyman Rodop məlumat yayıb. Aparıcı Avropa klublarının diqqət mərkəzində olan 21 yaşlı futbolçunun maliyyə şərtləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Yeni sözləşməyə əsasən, oyunçunun illik maaşının 3,25 milyon avrodan 5 milyon avroya yüksəldilməsi, sərbəstqalma məbləğinin isə 55 milyon avrodan 100 milyon avroya çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, 2026-cı ildə “Lokomotiv”dən 25 milyon avroya transfer edilən Batrakov cari mövsümdə keçirdiyi 12 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, son olaraq noyabrın 3-də UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda “Ştutqart”la qarşılaşmada (2:0) dubl müəllifi olub.




