“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites yenidən İngiltərə Premyer Liqasında çalışmaq istədiyini açıqlayıb.
İdman.Biz “talkSPORT”a istinadən xəbər verir ki, hazırda UEFA-nın Texniki Müşahidəçilər Qrupunda fəaliyyət göstərən ispaniyalı mütəxəssis İngiltərə çempionatının oyunlarını mütəmadi izlədiyini bildirib.
“Bilirsiniz ki, hazırda UEFA-da çalışıram. Amma futbolçuları və onların oyun üslubunu daha yaxşı tanımaq üçün daim matçlara, xüsusilə Premyer Liqa qarşılaşmalarına baxıram. Bu yaxınlarda əvvəlcə “Yuventus” - “Napoli”, sonra isə “Liverpul” - “Arsenal” oyunlarını izlədim. Aradakı fərq açıq şəkildə görünür”.
Benites İngiltərə futbolunu niyə bəyəndiyini də izah edib:
“Premyer Liqanı gərgin atmosferinə görə sevirəm. Hər oyun, hər top uğrunda mübarizə əsl sınaqdır. Bu, möhtəşəmdir. Problem ondadır ki, uyğun layihə tapmaq lazımdır. İndiki futbolda layihələrdən danışmaq kifayət qədər çətindir”.
Qeyd edək ki, Benites UEFA-da oyunların təhlili, taktiki tendensiyaların öyrənilməsi və texniki hesabatların hazırlanması ilə məşğul olur.




