İdman · Futbolpress.az

“Nəvəm deyirdi ki, Ömər medal alana kimi burada qalacağıq?” (MÜSAHİBƏ)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Nəvəm deyirdi ki, Ömər medal alana kimi burada qalacağıq?” (MÜSAHİBƏ) xəbəri üçün şəkil

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. İdmançının əmisi, veteranlar arasında 12 qat dünya çempionu cüdoçu Fərhad Rəcəbli ilə danışdıq.

Rəcəblilər ailəsi Azərbaycan cüdosu tarixində önəmli yer tutur. Ömərin atası – Elxan Rəcəbli də 1981-ci ildə dünya çempionatında bürünc medal qazanmağı bacarmışdı. Rəcəblilər ailəsinin uğurları, ölkə idmanına töhfələri, cüdonun indiki durumu haqqında Fərhad Rəcəbli ilə söhbətləşdik:

– Ailəyə daha bir medal gəldi. Ömər dünya çempionatında qazandığı “bürünc”lə bağlı fikirlərinizi bilmək istəyərdim.
– Ömər böyüklər arasında ilk dünya çempionatına çıxdı. Yarışdan əvvəl ailə olaraq ona bildiklərimizi söylədik, ciddi hazırlıq apardıq. Ömər hələ gəncdir, növbəti mötəbər yarışlarda da medal qazana bilər. Doğrudur, istərdik ki, qızıl medal qazansın. Amma “bürünc” də önəmli idi.

– Qardaşınız oğlunun çıxışını haradan izləyirdiniz, hansı hissləri keçirirdiniz?
– Yarışı canlı izləyirdik. İnanırsınız, özüm yarışanda heç belə həyəcan keçirməmişdim. Geri düşsə də, sonda qələbə qazana bildi. Ömərin anası, bacısı, bütün ailə üzvləri zalda idilər. O da bu məsuliyyəti hiss edirdi. Özüm də nəvəmlə gəlmişdim. Nəvəm deyirdi ki, Ömər medal alana kimi burada qalacağıq? Yəni, 10 yaşlı nəvəm də inanırdı ki, Ömər medal qazanacaq.

– Rəcəblilər ailəsinin uğurları davam edir. Bu nailiyyətlərin arxasında dayanan əsas amil nədir?
– Ömər soyadımızın layiqli davamçılarındandır. Uşaq yaşlarından bu sahədədir. 25 il əvvəl atası Elxan da dünya çempionatında üçüncü olmuşdu. Sonra 2012-ci ilə kimi əsas komandada güləşirdi. Ömər də daim atasını izləyirdi. Rəqibləri təhlil edirdi. Cüdo ailəmizdə sevilən idman növüdür. Uşaqlıqdan hamı bu sahəyə maraq göstərir. Atalar deyib, aşıq gördüyünü çalar. Hər bir uğurun arxasında böyük əziyyət, ağır məşqlər dayanır. Ömər də bu mərhələlərdən keçir. Yeni davamçılarımız da olacaq, ardı gələcək, gəlməlidir.

– Yaşınızın çox olmasına baxmayaraq, veteranlar arasında yarışlarda mütəmadi iştirak edir, medallar qazanırsınız. Bu yaşda formada qalmağın sirri nədədir?
–
Formada qalmağımın sirri odur ki, 1972-ci ildən buyana dayanmadan məşqlər edirəm. Məşqçilik edəndə də, etməyəndə də zalda olmuşam. Son yarışda bir az çətinliklər oldu, amma özümü yaxşı hiss edirəm. 2002-ci ildən buyana veteranların yarışlarında mütəmadi iştirak edirəm. İçimizdən gələn bir şeydir, sevdiyim peşədir və çəkdiyim əziyyətin bəhrəsini görürəm.

– Bakıda keçirilən dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?
– Bakıda təşkilatçılıq yüksək səviyyədədir. Doğrusu, bu qədər medal gözləmirdim. Amma hələ bir medal da qazana bilərik. Komandamız yüksək səviyyədə çalışır, federasiya, nazirlik tərəfindən qayğı göstərilir. Yüksək nəticələrin olması üçün hər kəs çalışır. Uğurun davamını görmək istərdik.

– Uzun illərdir bu sahədəsiniz. Azərbaycan cüdosunun durumunu necə şərh edərdiniz?
– Azərbaycan cüdosunun durumu heç vaxt bu qədər yaxşı olmayıb. Hər tərəfli inkişaf gedir. Regionlarda cüdo zalları açılır. Əvvəl bu qədər zal yox idi. Hər yerdə təzə tatamilər qoyulub, yaxşı şərait qurulub. Federasiya inkişaf üçün böyük işlər görür. Hazırda ölkədə 20 mindən çox cüdoçu var, planımız qarşıdakı illərdə bu sayı ikiqat artırmaqdır. Bu qədər yarışlar, təlim-məşq toplanışlarının təşkil olunması inkişaf üçündür. Gözəl işlər görülür və nəticələrin daha yaxşı olacağına ümid edirəm. Son illərdə ölkədə liqa yarışları da təşkil olunur. Azərbaycan çempionatı ilə yanaşı, başqa turnirin də keçirilməsi müsbət təsirini göstərir. Bu, kütləviliyi artıran məqamdır. Elmi baxımdan da yaxşı layihələr var. Azərbaycanlı və xarici elm xadimləri ilə birgə planlar qurulur, inkişaf yolları axtarılır.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑