İordaniyanın paytaxtı Ammanda təşkil olunan gənclər arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycan komandası tarixi uğura imza atıb.
Futbolpress.az xəbər verir ki, yarışda cəmi beş idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri fəxri kürsüyə qalxmağı bacarıblar.
Turnirin ilk günündə ölkəmizi layiqincə təmsil edən Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) bütün rəqiblərini üstələyərək qızıl medala yiyələniblər. Gülgəz Musayeva (48 kq) ilə Aytən Verdiyeva (57 kq) gümüş, Çinarə Sadıqova (52 kq) isə bürünc mükafata sahib çıxıblar.
Əldə edilən bu parlaq nəticələr sayəsində qızlardan ibarət milli komandamız qitələrarası yarışın qızlar kateqoriyasında birinci, ümumi komanda hesabında isə ikinci pillədə qərarlaşıb.
19 ölkədən 121 idmançının qatıldığı beynəlxalq turnir noyabrın 1-dək davam edəcək.



