Rövşən Nəcəf necə istiqanlı, səmimi adamdır…
Doğrudanmı elədir, yoxsa bu, uzaqdan yaranan yanlış təəssüratdır?
FIFA U-15 Dünya Kuboku və Festivalı başlayandan hər gün görünür.
Komandanın hər bir üzvü ilə görüşür, onlarla foto çəkdirir.
Rövşən Nəcəfin qatı “Neftçi” fanatı olduğunu hələ “ağ-qaralar”a rəhbərlik etdiyi vaxtdan eşitmişdik.
Futbola tez-tez gəlir. Millinin xarici səfərlərində olmasa da, buradakı oyunları buraxmır.
AFFA prezidenti seçiləndən qısa müddət sonra SOCAR-ın inzibati binasında idman mediasının nümayəndələri ilə geniş tərkibdə görüşünü xatırlayıram. Səhv etmirəmsə, 50-ə yaxın qonağa oturduğu yerdə yaxınlaşaraq, bir-bir əl verib görüşmüşdü.
Görüşü yarımçıq tərk etmişdim, bilmirəm sonadək eyni aura qalmışdı, yoxsa…
Bir sözlə, AFFA-nın prezidenti sələflərinə nəzərən çox kommunikasiyalı, non-oliqarx obrazındadır.
Elə bil, bizdən biriymiş kimi…
Assosiasiyanın keçmiş prezidenti Rövnəq Abdullayev də zahirən səmimi insan təsiri bağışlayırdı, lakin Rövşən bəy çox fərqlidir. Onun qədər sərhədsiz, istiqanlısı olmayıb.
U-15 festivalındakı görüntüləri izləyin, razılaşacaqsınız mənimlə.
Di gəl ki…
Belə “bizdən biri” təsirli adam futbolla bağlı tutarlı qərarlar vermir/verə bilmir.
“Neftçi”də də belə idi, AFFA-da da.
Adam istəyir ərkyana, özünün ətrafa saçdığı rahatlıqla yaxınlaşıb desin ki, Rövşən müəllim, nə var burada çətin, 2-3 tutarlı qərarla kökündən dəyişmək olar hər şeyi.
Amma olmur.
Çünki biri vardı, biri yox…
Elçin Cəlilov




