“Şəfa” Misli Premyer Liqasının X turunda “Sumqayıt”la heç-heçə etdi – 1:1.
Futbolpress.az xəbər verir ki, matçdan sonra Bakı klubunun vitse-prezidenti Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırdı:
– Oyunla bağlı fikirlərinizi bildirərdiniz.
– Həqiqətən, bəlkə də, ən yaxşı matçımızı keçirdik. 7-8 qol epizodu yaratdıq, tirdən qayıdan toplarımız oldu. Bəxtsizlik də var idi, amma hər şeyi buna bağlamıram. Bir xal da bizim üçün qazancdır.
– Hakim idarəçiliyi ilə bağlı nə düşünürsünüz?
– Futbolçu olanda da referilərdən danışmaqdan xoşum gəlməyib. Ötən matçda da təyin edilən penaltini daha sonra dedilər səhv qərardır, ancaq artıq olan oldu. Bu gün də 1:0 hesabıyla öndə olanda rəqibin futbolçusu İsa Suliman sarı vərəqəsi ola-ola topa əlini vurur. Bu epizodda artıq ikinci “sarı” verilməli və futbolçu qovulmalı idi. Bu da bizə üstünlük verəcəkdi. Amma qərar fərqli oldu. Hakimlərdən soruşdum, deyirlər, bilərəkdən etməyib, təsadüfdür, belinə vururdu, topa dəydi. Futbolda belə qərar harda var? Topa əlinə vurubsa, penaltidir. Maraqlıdır, Rəhim Həsənov (red-Hakimlər Komitəsinin sədri) buna nə şərh verəcək? Qapımıza iki dəfə penalti təyin edilib, sonra deyilib yanlışdır. Bu dəfə də bizim lehimizə “11 metrə” olmalı idi, vermədilər.
– Növbəti turda rəqib “Araz-Naxçıvan”dır. “Zirzəmi”də mübarizə sizinlə onlar arasındadır…
– Bizim üçün hər xal qazancdır. Yeni formalaşmış komandayıq, mübarizə aparmaq çox çətindir. Futbolçularla görüşürəm, danışıram. Oyunçularımızın 99 faizi Avropa görməyib, birbaşa buraya gəlib. Hər bir halda, onlara motivasiya vermək lazımdır. “Araz-Naxçıvan”la matçımız çətin olacaq. Onlar da yaxşı komandadır, Premyer Liqa təcrübəsinə sahibdirlər. Keyfiyyətli futbolçuları var, maraqlı mübarizə olacaq.
– Komandanın toparlandığını demək olar?
– Rəqibi yaxşı təhlil etmişdik. Bizə bir neçə tur lazımdır ki, özümüzə gələk. Həqiqətən, pis oynamırıq, amma turnir cədvəlindəki vəziyyət üzücüdür. Şükürlər olsun, bu matçda yaxşı futbol oynaya bildiyimizi göstərdik. Bunun davamını gətirmək lazımdır.
– 10 turda 4 xal qazanılıb. Baş məşqçi Zaur Həşimova komandanı tam toparlamaq üçün vaxt veriləcək?
– Onu inanıb gətirmişik və baxırsan ki, meydanda sərgilənən futbol da pis deyil. Önə keçirik, sonda uduzuruq. Nəticələrin məsuliyyəti baş məşqçidədir və ondan hesabat alırıq. Ümumiyyətlə, Həşimova inanırıq və ona dəstəyimizi bildiririk. “Sumqayıt”la görüşdə də ümidlərimizi doğrultdular. Bu matçda iki xal itirdik, 4 topumuz dirəyə dəydi, bəxtimiz gətirmədi. Nə etmək olar, futbolun da gözəlliyi bundadır.
– “Şəfa” öz meydançasına nə vaxt qayıdacaq?
– Stadion tam hazırdır. Sadəcə FIFA baxıb və rəylərini gözləyirik. Dedilər ki, Azərbaycanda ən yaxşı stadionlardan biridir. Peşəkar Futbol Liqasının rəyi olmadan orada oynaya bilmirik. Ola bilsin, rəy tez gəlsin, “Araz-Naxçıvan”ı öz arenamızda qəbul edək.
– “Kəpəz” Gəncəyə qayıtdı, dirçəldi. “Şəfa” da doğma arenasında bunu bacaracaq?
– Əlbəttə, deyərdim ki, “Kəpəz”in nəticələrinin 80 faiz pay sahibi azarkeşləridir. Hamı rahatlığı öz evində tapır. Biz də bunu istəyirik.
– Tamamilə bu arenada məskunlaşacaqsınız?
– Bəli. Hər şey orada olacaq. İstəyirik ki, stadionun da adını “Şəfa” qoyaq. İnşallah, qayıdandan sonra nəticələrimiz də düzələcək.
Şahin Cəfərov


