Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üzməyi öyrənək” layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq.
Futbolpress.az xəbər verir ki, layihənin əsas məqsədi məktəblilərə üzgüçülük bacarıqlarını öyrətmək, onların suda təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi ilə üzgüçülük təlimlərinə cəlb olunacaqlar. Təlimlər bir ay müddətində ödənişsiz təşkil ediləcək. Layihənin ölkə üzrə 33 idman obyektində həyata keçirilməsi və 60 məktəbin iştirakı nəzərdə tutulur.
Məşğələlər zamanı şagirdlərə üzgüçülüyün əsas bacarıqlarının öyrədilməsinə, suda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına və onların idmana marağının artırılmasına xüsusi diqqət yetiriləcək.
Layihə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, eləcə də Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman Komplekslərində baş tutacaq.



