Vernidubun “Neftçi”yə baş məşqçi gəlməsini belə səciyyələndirmişdim: “son illər təyin olunan əcnəbi məşqçilər içində ən uğurlusu olacaq”.
İlk 2-3 oyun və Vernidubun fikirləri, bir də izlədiyim məşqlər bu qənaətə gətirmişdi.
– Oyunda kombinasiya və sistem izi görünməyə başlamışdı
– Baş məşqçi kimi açıqlamaları emosional istismardan, mənfəətdən uzaq, rasional idi.
– Məşqlər əvvəlkilərə nəzərən başqa cür keçirdi. Hiss olunurdu ki, hər kəsi öz iradəsi altında cəmləməyi bacarıb.
***
Həmin Vernidubdur. “Şans verilsə, daha yaxşı nəticələrə imza atacaq” yazmışdıq.
Şans vermək azdır, səlahiyyətlər də yerində olmalıydı. Yaxşı ki, Vernidub üçün bu baxımdan problem olmadı.
Klub rəhbərliyi elə etdi ki, komandada hər kəs baş rolda onun olduğunu gördü, hiss etdi.
Beləcə, yay transfer dönəmində, “öz komandanı qur” ixtiyarı ukraynalı mütəxəssisə bilik və bacarıqlarını tətbiq etməyə tam imkan verdi.
Transfer dönəmi rəvan keçmədi, çək-çevirlər, götür-qoylar çox oldu. Lakin həssas yanaşmadan uzaqlaşmadan atılan addımlar bugünkü dayanıqlı “Neftçi”ni yaradıb.
***
Cəmi 6 tur keçib, bu müddət ərzində əksər halda hansısa baş məşqçinin işi təqdir edilsə də, əminlik ifadə etmək nadir hallarda olur.
Vernidubun “Neftçi”dəki gedişatını diqqətlə izləməyim bu qənaətdə əminlik yaradır.
Onu iki dəfə tənqid etmişəm, hər ikisi mətbuat konfransında ölkəsinin müharibə vəziyyətinə dair lazımından/qədərindən artıq inisiativ götürməsi səbəb olub.
Futbolunu, planları və yanaşmalarını tənqid etməyə isə əsas görünmür.
***
Faktiki APL-də “Neftçi” ən yaxşı kombinasiyalı futbol oynayan komandadır. Xətlərarası əlaqəsi və hücum gedişlərinə görə ən yaxşı sayılan “Sabah”ı sırf fərqli, “oxunmamış” kombinasiyaları hesabına “zərərsizləşdirdi”.
Oyun zövq verdi, qol vurulmasa da, dinamika və təklif olunan taktiki gedişlər göz qamaşdırırdı.
Təcrübəli mütəxəssislə gənc erudistin dueli bizə qolsuz futbol bayramı yaşatdı.
İllər sonra qeyri-sabit “Neftçi”nin geridə qaldığını iddia etməyə tutarlı əsasımız yaranıb.
“Neftçi” qayıdıb…
***
Baş hakim Rauf Cabbarov “ələ-ayağa dolaşmasaydı”, “flaqman” qələbə qazana bilərdi.
“Sabah” və “Qarabağ” üçün əməlli-başlı “başağrısı” yaranıb.
“Neftçi”nin heyəti və oyunu inam verir. Çox sürətli oynayırlar, bu oyunla ortabablar “ağ-qaralar”a qarşı xala ümid etməsin…
Laterallar və orta xəttin müdafiə planı bir az da zənginləşsə, “Neftçi”ni təkcə mükafatçılar sırasına yox, çempionluğa real namizəd saya bilərik.
Браво, шановний Вернидубе!
Elçin Cəlilov




