Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı neft emalı zavodlarına və məlumat mərkəzlərinə qarşı həyata keçirilən hücumlar barədə danışıb. O, zərbələrin Rusiyanın Ukraynanın məlumat mərkəzlərinə hücumlarına cavab olduğunu bildirib.
Editor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya Ukraynanın məlumat mərkəzlərini hədəfə aldığı üçün Kiyev də qarşı tərəfin analoji obyektlərinə zərbələr endirib.
“Biz həmişə eyni şəkildə cavab veririk. Hamınız bilirsiniz ki, onlar bizim məlumat mərkəzlərimizə zərbələr endiriblər və bunu davam etdirirlər. Buna görə də biz də cavab verdik”, – deyə Zelenski bildirib.
Prezident Uxta şəhərində yerləşən neft emalı zavodunun Ukrayna sərhədindən təxminən 1 900 kilometr məsafədə olduğunu qeyd edib. Onun sözlərinə görə, əməliyyat zamanı uçuş məsafəsi təxminən 2 500 kilometr olan “An-196 RS” dronlarından istifadə edilib.
Zelenski, həmçinin bir gün əvvəl Omsk neft emalı zavoduna qarşı həyata keçirilən hücumda FP-1 dronunun modifikasiya edilmiş FP-6 versiyasından istifadə olunduğunu açıqlayıb.



