Əgər rəsmi Kiyev Donetskin Slavyansk və Kramatorsk şəhərlərini Rusiya tərəfinə verərsə, hərbi əməliyyatlar yaxınlıqdakı Dnepropetrovsk vilayətini də əhatə edə bilər.
Editor.az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski “The Diary Of A CEO” podkastında bildirib.
V.Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın şərqini – ölkənin sənaye və maşınqayırma mərkəzini ələ keçirməyə çalışır. Üstəlik, həmin istiqamətdə olduqca güclü müdafiə xətti formalaşdırılıb.
Prezident əlavə edib ki, hazırda bir çoxu təhlükəsizlik qarantiyaları barədə danışır və Ukrayna bu məsələnin müzakirəsinə açıqdır. Lakin onun sözlərinə görə, Rusiya Ukrayna qoşunlarının daha da geri çəkilməsini istəyir.
V.Zelenskinin sözlərinə görə, Rusiya bu gün Ukrayna ərazisinin təxminən 18-19%-nə nəzarət edir.
“O (Putin – red.) Zaporojye şəhərini ələ keçirmək istəyir, lakin bunu bacarmır. Bu onun məqsədlərindən biridir. Açıq şəkildə dilə gətirməsə də, Zaporojye və Nikolayev də hədəflər sırasındadır”, – deyə Zelenski bildirib.
O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp tərəfləri kompromis axtarmağa çağırır:
“Artıq getdiyimiz ən böyük kompromis – atəşkəsdir. Gəlin, sadəcə, bu müharibəni dayandıraq. Mən dəfələrlə ABŞ Prezidentinə deməyə çalışmışam: sadəcə bizi anlayın. Xətləri sadəcə indi olduğumuz yerdə saxlamaq – çox böyük bir kompromisdir”.




