Türkiyənin məşhur sənətçisi Sezen Aksunun bir neçə gün əvvəl xəstəxanada müalicə aldığı və biopsiyadan keçdiyi məlum olub.
Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, uzun müddətdir ictimaiyyət qarşısında az görünən sənətçi ötən həftə İstanbulun Nişantaşı ərazisində yerləşən özəl xəstəxanalardan birində bir neçə gün qalıb.
Məlumata görə, Sezen Aksu xəstəxanada olduğu müddətdə biopsiya prosedurundan keçirilib. Bu xəbərdən sonra sənətçinin səhhəti ilə bağlı narahatlıq yaranıb.
Əldə olunan məlumatlara əsasən, müğənninin hazırkı vəziyyəti yaxşıdır. Tibbi prosedurlar başa çatdıqdan sonra Aksu xəstəxanadan evə buraxılıb və hazırda evində istirahət edir.
Sənətçiyə hansı səbəbdən biopsiya aparıldığı barədə isə hələlik rəsmi açıqlama verilməyib. Prosedurun nəticələri ilə bağlı da təsdiqlənmiş məlumat yoxdur.






