Musiqi platforması Spotify süni intellekt vasitəsilə yaradılan keyfiyyətsiz musiqi və spam məzmunlara qarşı mübarizəni gücləndirib. Şirkətin açıqlamasına görə, bu il süni intellektlə yaradıldığı və keyfiyyətsiz məzmun və ya spam hesab edildiyi üçün 50 milyondan çox mahnı tövsiyə sistemindən çıxarılıb.
Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, Spotify bildirib ki, platformanın qaydalarını ciddi şəkildə və ya dəfələrlə pozan spam xarakterli 75 milyondan çox musiqi parçası isə tamamilə silinib.
Şirkət bu addımları süni intellektin geniş yayıldığı bir dövrdə həm musiqiçiləri, həm də dinləyiciləri aldadıcı və keyfiyyətsiz məzmundan qorumaq məqsədilə atdığını açıqlayıb.
Dinləyicilərin reaksiyası da nəzərə alınır
Spotify istifadəçilərin keçdiyi, dinləmədiyi və ya eşitmək istəmədiyini bildirdiyi mahnıları da təhlil edir. Şirkətin məlumatına əsasən, bu məzmunların əhəmiyyətli bir hissəsi keyfiyyətsiz süni intellekt məhsulları və ya spam kimi qiymətləndirilib.
Son altı ay ərzində tövsiyə alqoritmində aparılan yeniliklər nəticəsində belə mahnıların sayının azaldılması və real musiqiçilərin əsərlərinə daha çox yer ayrılması hədəflənib.
Platforma şübhəli məzmunları müəyyənləşdirərkən dinləyicilərin davranışlarını və rəylərini, mahnıların yüklənmə tezliyini, metadata məlumatlarını, eləcə də üçüncü tərəflərin süni intellekt aşkarlama alətlərinin nəticələrini birlikdə qiymətləndirir.
Spotify süni intellektlə yaradılan musiqiləri necə müəyyənləşdirir?
Şirkət sənətçiləri qorumaq və dinləyicilərə dinlədikləri musiqilər barədə daha dolğun məlumat vermək üçün son bir ildə bir sıra yeni funksiyalar təqdim edib.
Aprel ayında istifadəyə verilən “AI Credits” funksiyası sənətçilərə süni intellektdən hansı məqsədlərlə, hansı rollarda və musiqi alətlərinin yaradılmasında istifadə etdiklərini qeyd etməyə imkan verir. Spotify-ın açıqlamasına görə, sənətçilər hər gün on minlərlə belə məlumat göndərirlər.
Bundan başqa, platformada 300 mindən çox sənətçinin təsdiqlənmiş profili var. Şirkətin bildirdiyinə görə, bu sənətçilər dinləyicilərin platformada axtardığı ifaçı adlarının 99 faizindən çoxunu əhatə edir. Təsdiqlənmiş sənətçilərin 70 faizdən çoxu isə müstəqil musiqiçilərdir.
Spotify süni intellekt tərəfindən yaradıldığı ehtimal edilən sənətçi kimliklərini müəyyənləşdirmək üçün “AI Persona” etiketlərindən də istifadə edir. Bu işarələr minlərlə profildə tətbiq olunub. Dinləyicinin həmin profili izləməsi kimi istisnalar nəzərə alınmaqla, bu profillər standart olaraq redaksiya və alqoritmik tövsiyələrdən kənarda saxlanılır.
Mahnilara görə ödəniş almaq üçün minimum dinlənmə tələbi
Spotify-ın tətbiq etdiyi digər mexanizmlərdən biri də müəllif hüquqları üzrə gəlir əldə etmək üçün müəyyən edilmiş minimum dinlənmə həddidir.
2024-cü ildən qüvvədə olan qaydaya əsasən, bir musiqi parçasının müəllif hüquqları üzrə gəlir gətirməsi üçün ən azı 1000 dinlənməyə çatması tələb olunur.
Şirkət bu həddin süni intellektlə kütləvi şəkildə yaradılan musiqilərin artdığı bir şəraitdə insan sənətçilərin gəlirlərini qorumağa kömək etdiyini bildirir.
Beləliklə, Spotify həm tövsiyə sistemini yeniləyir, həm də musiqi sənayesində süni intellektdən istifadənin daha şəffaf olmasına çalışır. Bununla belə, süni intellektlə yaradılan bütün musiqilər qadağan edilmir: şirkətin açıqladığı tədbirlər əsasən keyfiyyətsiz məzmun, spam və platforma qaydalarını pozan profillərlə bağlıdır.
\\ Aydan Bünyatova, Editor.az




