Dünya · Editor.az

Süni intellektə meydan oxudu: “Prada” reklamını qələm və kağızla hazırladı – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellektə meydan oxudu: “Prada” reklamını qələm və kağızla hazırladı – VİDEO xəbəri üçün şəkil

Süni intellektin reklam və incəsənət sahəsində geniş yayılması fonunda məşhur İtaliya moda evi “Prada” fərqli seçim edib. Brend yeni Milad reklam kampaniyasında süni intellektlə yaradılan görüntülərdən imtina edərək ənənəvi əl işi animasiyalara üstünlük verib.

Editor.az xəbər verir ki, “Prada”nın “Drawing Prada: Animated By Hand” adlı yeni kampaniyası insan yaradıcılığını və rəssam əməyini ön plana çıxarır.

Kampaniyada real çəkilişlər əl ilə çəkilmiş animasiya personajları ilə birləşdirilib. Layihə təcrübəli animator Con Pomeroyun rəhbərlik etdiyi rəssamlar komandası tərəfindən hazırlanıb. Komanda animasiya personajlarını və məkanları ayrı-ayrılıqda kağız üzərində çəkərək ekranlaşdırıb.

“Prada” açıqlamasında əl işinin və toxunma hissinin insan təbiətinin mühüm hissəsi olduğunu vurğulayıb. Brend bu yanaşmanın öz yaradıcılıq fəlsəfəsinin əsasını təşkil etdiyini bildirib.

Miuccia Prada və Raf Simonsun kreativ rəhbərliyi altında hazırlanan kampaniyanın yaradıcı direktoru Ferdinando Verderi olub. Əl ilə çəkilmiş animasiyalar Glen Luchfordun lentə aldığı real görüntülərlə birləşdirilib.

Reklamda brendin simaları Sadie Sink, Maya Hawke, Chen Haoyu, Luther Ford və Kelvin Harrison Jr. da yer alıblar.

Məşhur animator süni intellekt əvəzinə qələm və kağız seçdi

Layihəyə rəhbərlik edən Con Pomeroy “Disney”dəki fəaliyyəti ilə tanınır. O, “Winnie the Pooh and Tigger Too”, “The Rescuers”, “The Fox and the Hound”, “Pocahontas” və “Fantasia 2000” kimi məşhur animasiya layihələrində iştirak edib.

Pomeroy kampaniyanın hazırlanması zamanı ənənəvi animasiya üsuluna sadiq qaldıqlarını bildirib:

“Peşəmi qələm və kağızla, ənənəvi üsulla öyrənmişəm. Bu yanaşmanı qoruyub gələcək nəsillərə ötürmək istəyirik”.

Onun sözlərinə görə, əl ilə çəkilən animasiyanın bu gün də öz dəyərini qoruduğunu göstərmək vacibdir.

Süni intellekt reklam dünyasında mübahisə yaradır

“Prada”nın bu addımı süni intellektin yaradıcı peşələrə təsiri ilə bağlı müzakirələrin artdığı vaxta təsadüf edir. Bir çox sənətçi hesab edir ki, süni intellekt insanların əməyini və dolanışıq imkanlarını təhlükə altına sala bilər.

Məqalədə “Coca-Cola”nın 2024 və 2025-ci illərdə süni intellektlə hazırladığı Milad reklamlarına görə tənqid olunması da xatırladılır.

“Prada”nın yeni kampaniyası isə sosial şəbəkələrdə müsbət qarşılanıb. İstifadəçilər reklamın süni intellektlə deyil, real rəssamların əməyi ilə hazırlanmasını yüksək qiymətləndiriblər.

Beləliklə, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə “Prada” insan əməyinin və ənənəvi sənətkarlığın hələ də böyük dəyərə malik olduğunu nümayiş etdirməyə çalışıb. İndi diqqətlər “Coca-Cola”nın builki Milad reklamında hansı üsula üstünlük verəcəyinə yönəlib.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑