Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) “NV” nəşrinin sorğusuna cavab olaraq bildirib ki, oktyabr ayına olan məlumata görə, Rusiyanın arsenalında 700-dək ballistik və müxtəlif tipli bir neçə min qanadlı raket toplanıb.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya hər ay 200-dən çox analoji raket istehsal edir və bunların 110 ədədi ballistik raketlərin payına düşür.
Məlumata görə, rəsmi Moskva ehtiyatda təxminən 6200 ədəd reaktiv və adi “Shahed” PUA-sı saxlayır.
GUR-dan verilən əlavə məlumatda qeyd olunur ki, hazırda Rusiyanın sərəncamında 115-ə yaxın “İskəndər-M” raketi var. Rusiya müəssisələri hər ay bu raketlərdən 65 ədəd istehsal etmək gücündədir. Bundan başqa, mənzili 550-700 kilometr təşkil edən təkmilləşdirilmiş yeni kompleksin işlənib hazırlanması prosesi davam edir.
Eyni zamanda bildirilir ki, Rusiyanın “X-101” raketləri üzrə aylıq istehsal planı 80-dən çox olsa da, real istehsal həcmi bu göstəriciləri üstələyir.
Qış mövsümü ərəfəsində Rusiyanın anbarlarında təxminən 450 ədəd “Kalibr” raketi mövcuddur və kəşfiyyatın məlumatına görə, onların aylıq istehsal tempi 29 ədəd təşkil edir.
“S-300PM/S-400” zenit-raket kompleksləri üçün nəzərdə tutulmuş “RM-48U” zərbə raketlərinin ehtiyatı təxminən 400 ədəd qiymətləndirilir. Hər ay bu tipdən 40-a qədər raket istehsal olunur.
Rusiyanın hərbi arsenalında “Oniks” tipli raketlərin sayı 600-dən çoxdur, “Sirkon” raketlərinin ümumi ehtiyatı isə 120 ədədi ötür.
Musavat.com






