ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərində üzləşdiyi itkilərdən sonra Demokrat Partiyası ilə əməkdaşlığa açıq olduğunu bəyan edib. O, siyasi rəqibləri ilə ortaq məxrəcə gəlməyin mümkünlüyünə inandığını bildirib.
Editor.az-ın məlumatına görə, Tramp bu fikirləri “The New York Times” qəzetinə müsahibəsində səsləndirib.
ABŞ lideri demokratlarla birgə işləmək imkanını müsbət qarşıladığını vurğulayıb:
“Biz onlarla birlikdə fəaliyyət göstərmək imkanını səbirsizliklə gözləyirik. Çox güman ki, ortaq bir yol tapacağıq”.
Respublikaçıların seçkilərdə itirdiyi mövqeləri şərh edən Tramp məğlubiyyətin səbəblərindən biri kimi öz adının seçki bülletenlərində olmamasını göstərib.
Bununla yanaşı, o, Texasın baş prokuroru Ken Pakston və senator Lindsi Qrehemi dəstəkləmək qərarından peşman olmadığını bildirib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da aralıq seçkiləri üzrə əsas səsvermə başlayıb. Seçicilər Nümayəndələr Palatasının bütün 435 üzvünü, 36 ştatın qubernatorunu, həmçinin Senatın 35 üzvünü seçirlər. Bundan başqa, yerli idarəetmə orqanları və regional qanunverici qurumlarla bağlı da səsvermə keçirilir.
Seçkilərin ilkin nəticələrinə əsasən, demokratlar Nümayəndələr Palatasında 190-dan çox, respublikaçılar isə 110-dan artıq yer əldə ediblər. Senat uğrunda mübarizədə də demokratların 50-dən çox, respublikaçıların isə 40-a yaxın mandat qazandığı bildirilir.
Seçkilərdə diqqət çəkən digər məqam isə əvvəlcədən səsvermədə iştirak edənlərin sayıdır. 50 milyondan çox amerikalı əsas səsvermə gününə qədər öz seçimini edib. Bununla da 2022-ci ildə qeydə alınmış 45,9 milyon nəfərlik əvvəlki rekord geridə qalıb.
Seçkilərin yekun nəticələrinin hesablanmasının bir neçə gün davam edə biləcəyi gözlənilir.




