İranın ABŞ-la danışıqları uzatmaq strategiyasının arxasında noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Donald Tramp administrasiyasına siyasi təzyiq göstərmək məqsədinin dayandığı bildirilir.
Editor.az xəbər verir ki, Reuters-in iranlı rəsmilərə istinadən yaydığı məlumata görə, Tehran Vaşinqtonla sürətli razılaşmaya nail olmaq əvəzinə, mövcud qarşıdurmanı davam etdirməyə üstünlük verir.
İran rəsmiləri hesab edirlər ki, ABŞ-da yanacağın bahalaşması və müharibənin iqtisadi nəticələri Trampın ictimai dəstəyinə mənfi təsir göstərir. Bu vəziyyətin respublikaçıların seçkilərdəki mövqelərini zəiflədə biləcəyi ehtimal olunur.
Məlumata görə, fevral ayında ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan müharibə Hörmüz boğazında gəmiçilik fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Dünya enerji tədarükü üçün strateji əhəmiyyət daşıyan bu marşrut ətrafındakı gərginlik neft bazarlarına və beynəlxalq ticarətə də təsir edir.
Tehran danışıqların bərpası üçün ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, İranın neft ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması və dondurulmuş aktivlərinin sərbəst buraxılması kimi şərtlər irəli sürür. Vaşinqton isə İranın nüvə proqramının müzakirələrin əsas mövzularından biri olmasını istəyir.
//Samir Qurbanov, Editor.az




