Dünya · Editor.az

Britaniyada yaşayan azərbaycanlıları da əhatə edə biləcək qərar: Daimi yaşayış icazəsi almaq çətinləşir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyada yaşayan azərbaycanlıları da əhatə edə biləcək qərar: Daimi yaşayış icazəsi almaq çətinləşir xəbəri üçün şəkil

Böyük Britaniyada əcnəbilərin ölkədə daimi yaşamaq hüququ əldə etməsi ilə bağlı qaydalar dəyişdirilir. Yeni qərara əsasən, xarici vətəndaşların əksəriyyəti daimi yaşayış icazəsi almaq üçün əvvəlki 5 il əvəzinə 10 il gözləməli olacaq.

Editor.az Euronews-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqladığı yeni miqrasiya siyasətində bildirilir.

Baş nazir Endi Börnham Brexit-dən sonra ölkənin miqrasiya proseslərinə nəzarəti itirdiyini bildirib. O, Daxili İşlər Nazirliyinin miqrasiya sahəsində vəziyyəti nəzarətə götürmək istiqamətində gördüyü tədbirləri dəstəklədiyini vurğulayıb.

Daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı yeni qaydaların əsas detallarını açıqlayıb. Onun sözlərinə görə, əksər xarici işçilər üçün müddətsiz yaşayış icazəsi (ILR) almaq şərti olan ölkədə yaşama müddəti 5 ildən 10 ilə qaldırılacaq. Bu status əcnəbilərə Britaniyada müddətsiz yaşamaq, işləmək və təhsil almaq hüququ verir.

Bununla belə, müəyyən kateqoriyadan olan şəxslər üçün daha qısa müddətlər nəzərdə tutulub. İllik gəliri 50 271 funt sterlinqdən çox olan şəxslər, eləcə də həkimlər, tibb bacıları və müəllimlər kimi bəzi ictimai xidmət sahələrinin əməkdaşları 5 ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər. Yüksək gəlirli şəxslər üçün isə bu müddətin 3 ilə qədər azaldılması mümkündür.

Nazir həmçinin sosial qayğı sektorunda çalışan əcnəbilər üçün istisnanın saxlanıldığını açıqlayıb. İllik 25 min funt sterlinq gəlir əldə edən həmin işçilər əvvəlki qaydada, yəni 5 ildən sonra daimi yaşayış icazəsi almaq hüququna malik olacaqlar.

Mahmud bildirib ki, yeni yanaşma ölkəyə töhfə verən, əmək fəaliyyəti ilə məşğul olan və dövlətin ehtiyac duyduğu sahələrdə çalışan insanların əməyini nəzərə alır.

Hökumətin yeni planı ictimai müzakirələrə çıxarıldıqdan sonra 200 mindən çox rəy və təklif daxil olub. Müzakirələr zamanı qaydaların ədalətli tətbiqi, mürəkkəbliyi və artıq Britaniyada yaşayan əcnəbilərə təsiri ilə bağlı narahatlıqlar səsləndirilib.

Yeni sistemdə əsas prinsip daimi yaşayış hüququnun yalnız ölkədə müəyyən müddət yaşamaqla deyil, şəxsin fəaliyyətinə və cəmiyyətə verdiyi töhfəyə əsasən müəyyənləşdirilməsidir.

Qanunvericiliyin pozulması halları ilə bağlı isə daha sərt şərtlər müəyyənləşdirilir. Miqrasiya qaydalarını pozan şəxslərin daimi yaşayış icazəsi əldə etmək üçün 20 il gözləməsi nəzərdə tutulur. Ölkəyə kiçik qayıqlarla və digər qeyri-qanuni, gizli yollarla daxil olanlar üçün bu müddətə əlavə 10 il artırılacaq. Beləliklə, həmin şəxslər daimi yaşayış hüququ əldə etmək üçün 30 ilədək gözləməli ola bilərlər.

Rəsmi marşrutlarla Britaniyaya gələn qaçqınlar isə 5 ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər.

Yeni qaydaların gələn ildən qüvvəyə minməsi gözlənilir. Artıq daimi yaşayış statusu əldə etmiş şəxslər isə dəyişikliklərdən təsirlənməyəcəklər.

Qeyd edək ki, bu qərar Britaniyada miqrasiya məsələsinin siyasi müzakirələrin əsas mövzularından birinə çevrildiyi vaxta təsadüf edir. Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyası da hökumətə təzyiqləri artırır. Partiya hakimiyyətə gələcəyi təqdirdə müddətsiz yaşayış icazəsini ləğv etməyi və onun əvəzinə hər 5 ildən bir yenilənən iş vizası sistemini tətbiq etməyi vəd edir.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑