Hollivudun məşhur cütlüyü Bred Pitt və Ancelina Colinin ailəsində soyad dəyişikliyi davam edir. Onların əkiz övladlarından biri olan 18 yaşlı Vivien də atasının soyadını rəsmi şəkildə adından çıxarıb. Bundan sonra o, Vivien Coli kimi tanınacaq.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Vivien iyulun 12-də Los-Anceles dairəsinin Ali Məhkəməsinə adının dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim edib. Bununla da o, valideynlərinin altı övladından atasının soyadından imtina edən dördüncü uşaq olub.
Vivienin əkiz qardaşı Noksun da soyadını hüquqi qaydada dəyişib-dəyişmədiyi məlum deyil. Lakin o, iyun ayında orta məktəbi bitirərkən ictimaiyyət qarşısında özünü Noks Coli kimi təqdim edib.
Qeyd edək ki, ailədə bu addımı ilk atan 20 yaşlı Şaylo olub. O, 2024-cü ildə məhkəməyə müraciət edərək adından atasının soyadının çıxarılmasına nail olub. Bu ilin iyulunda isə 25 yaşlı Meddoks və 21 yaşlı Zaxara da eyni addımı atıblar.

Hazırda valideynlərinin hər iki soyadını daşımağa davam edən yeganə övladın 22 yaşlı Paks olduğu bildirilir. Məlumatlara görə, Bred Pittlə münasibətlərini qoruyub saxlayan yeganə övlad da məhz odur.
Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 10 ildən artıq davam edən münasibətlərindən sonra 2016-cı ildə ayrılıblar. Onların ailəsindəki münasibətlərin pisləşməsinə həmin il təyyarədə baş verdiyi iddia olunan mübahisənin səbəb olduğu bildirilir.
İddialara görə, həmin insident zamanı Pitt övladlarından biri ilə kobud davranıb, ona qarşı həm şifahi, həm də fiziki zorakılıq göstərib. Coli hadisədən bir gün sonra boşanma üçün məhkəməyə müraciət edib.
Uşaqlarla bağlı iddialar üzrə araşdırma aparan ABŞ Federal Təhqiqat Bürosu (FBI) isə Bred Pitti irəli sürülən ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etməyib.
Məşhur cütlüyün boşanma prosesi 2024-cü ilin dekabrında rəsmən yekunlaşıb. Bununla belə, ailədaxili münasibətlərlə bağlı müzakirələr və övladların soyad seçimləri hələ də medianın diqqətindədir.
\\ Aydan Bünyatova, Editor.az



