Rusiya XİN rəsmisi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının təhlükəsiz olduğunu iddia edir, Bakı isə regionun gələcəyi üçün nüvə təhlükəsizliyi məsələsinin diqqətdən kənarda qalmamasında maraqlıdır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) istismarının təhlükəli olması ilə bağlı mediada yayılan məlumatları əsassız adlandırıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, “bu cür nəşrlərdə faktoloji sübutlar yoxdur və onların arxasında siyasi motivlər dayana bilər”.
Zaxarova həftəlik brifinqdə çıxış edərək stansiyanın təhlükəsizliyi ilə bağlı tənqidi materialların Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə Ermənistan arasında atom energetikası sahəsində əməkdaşlığa zərər vurmaq məqsədi daşıya biləcəyini bildirib.
Zaxarova iddia edib ki, Metsamor AES-in reaktor qurğusu regionun yüksək seysmik şəraitinə uyğunlaşdırılıb. O, 1988-ci ildə baş vermiş Spitak zəlzələsi zamanı stansiyanın təhlükəsizlik sistemlərinin normal işləməsini obyektin etibarlılığının sübutu kimi göstərib. Zaxarovanın sözlərinə görə, sonrakı illərdə “Rosatom” və Ermənistanın nüvə energetikası üzrə mütəxəssisləri stansiyanın təhlükəsizliyinin artırılması istiqamətində işlər görüblər.
Onun açıqlamasında bildirilir ki, cari ilin oktyabrında AES-in istismarının 2031-ci ilədək davam etdirilməsinin təhlükəsizliyi təsdiqlənib. Həmçinin 2027–2030-cu illəri əhatə edən tədbirlər planı razılaşdırılıb və stansiyanın fəaliyyət müddətinin 2036-cı ilədək uzadılması imkanları nəzərdən keçirilir. Zaxarova əsas təhlükəsizlik sistemlərinin modernləşdirilməsinin planlaşdırıldığını da qeyd edib.
Rusiya rəsmisi bu tədbirlərin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tələblərinə və beynəlxalq standartlara uyğun həyata keçirildiyini vurğulayıb. Beləliklə, Moskva Ermənistanın köhnə nüvə obyektinin gələcək istismarını müdafiə edir. Halbuki Metsamor AES-in təhlükəsizliyi təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarına toxunan məsələdir.
Azərbaycan Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlığını regionun nüvə və ekoloji təhlükəsizliyi kontekstində ifadə edib. Stansiyanın köhnə texnologiyalara əsaslanması, seysmik zonada yerləşməsi və istismar müddətinin uzadılması məsələsi qonşu ölkələr üçün də əhəmiyyət daşıyır. Mümkün qəza yalnız Ermənistan ərazisi ilə məhdudlaşmaya, transsərhəd ekoloji nəticələr doğura bilər.
Azərbaycanın mövqeyindən yanaşdıqda, məsələni Rusiya ilə Ermənistan arasındakı enerji əməkdaşlığına qarşı kampaniya kimi təqdim etmək problemin mahiyyətini dəyişmir. Əsas sual stansiyanın siyasi baxımdan müdafiə olunması deyil, onun uzunmüddətli istismarının region əhalisi və ətraf mühit üçün nə dərəcədə təhlükəsiz olmasıdır. Bakı nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqların ciddi, obyektiv və beynəlxalq standartlar əsasında araşdırılmasında maraqlıdır. Metsamor AES-in istismar müddətinin uzadılması qərarları region ölkələrinin təhlükəsizlik maraqları nəzərə alınmaqla qiymətləndirilməli, mümkün risklər barədə məlumatlar şəffaf şəkildə açıqlanmalıdır.



