Dünya · Banker.az

Yunanıstan “qızıl viza”ları ləğv edir – 50 min avro cərimə də tətbiq ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yunanıstan “qızıl viza”ları ləğv edir – 50 min avro cərimə də tətbiq ediləcək xəbəri üçün şəkil

Yunanıstan hökuməti daşınmaz əmlaka investisiya müqabilində yaşayış icazəsi verən “qızıl viza” proqramının şərtlərini pozan xarici investorların icazələrini ləğv edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə Yunanıstanın miqrasiya naziri Tanos Plevris Afinada keçirilən “Prodexpo 2026” daşınmaz əmlak konfransında bildirib.

Yunanıstanın dövlət yayımçısı “ERT”nin məlumatına görə, hökumət xüsusilə iki qanun pozuntusuna qarşı tədbirləri gücləndirəcək.

Birinci hal daşınmaz əmlakın qiymətinin süni şəkildə artırılması ilə bağlıdır. Bəzi investorlar əmlakı sənədlərdə proqramın tələb etdiyi minimum məbləğə alır, lakin paralel müqavilələr vasitəsilə ödədikləri vəsaitin bir hissəsini geri götürürlər.

Nazir buna misal olaraq 250 min avroya satılan mənzilə görə alıcıya sonradan 100 min avronun icarə müqaviləsi vasitəsilə qaytarılmasını göstərib. Onun sözlərinə görə, belə əməliyyatlar aşkarlandıqda investorun yaşayış icazəsi ləğv ediləcək.

İkinci pozuntu isə “qızıl viza” ilə alınan mənzillərin qısamüddətli kirayəyə verilməsidir.

Yunanıstan qanunvericiliyi bu proqram çərçivəsində əldə edilən daşınmaz əmlakın qısamüddətli kirayə platformalarında istifadəsini qadağan edir.

Bəzi investorlar məhdudiyyətdən yayınmaq üçün mənzilləri uzunmüddətli müqavilə əsasında idarəetmə şirkətlərinə verir, həmin şirkətlər isə əmlakı turistlərə günlük kirayələyirlər.

Nazir bildirib ki, bu cür dolayı icarə mexanizmləri də qanun pozuntusu hesab ediləcək. Belə hallarda yaşayış icazəsinin ləğvi ilə yanaşı, əmlakın sahibinə və ya hüquqi istifadəçisinə 50 min avro inzibati cərimə tətbiq oluna bilər.

Hazırda Yunanıstanda “qızıl viza” proqramı üzrə daşınmaz əmlaka minimum investisiya tələbi bölgədən asılı olaraq 400 min və 800 min avro təşkil edir. Yaşayış təyinatına çevrilən müəyyən obyektlər və bərpa edilən tarixi binalar üçün isə 250 min avroluq xüsusi hədd qüvvədədir.

Tanos Plevris bildirib ki, hökumət proqramı tamamilə ləğv etmək niyyətində deyil. Məqsəd xarici investisiyaları cəlb etməklə yanaşı, yaşayış mənzillərinin uzunmüddətli kirayə bazarında mövcudluğunu qorumaqdır.

“Qızıl viza” proqramı Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına müəyyən investisiya şərtlərini yerinə yetirməklə Yunanıstanda beşillik, yenilənə bilən yaşayış icazəsi almaq imkanı verir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑