Oktyabrın ikinci yarısında Azərbaycan səmasında Orionid meteor yağışını izləmək mümkün olacaq. Astronomik hadisənin ən fəal mərhələsinin oktyabrın 21-dən 22-nə keçən gecə müşahidə ediləcəyi gözlənilir.
Editor.az-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Məlumata əsasən, Orionid meteor yağışı noyabrın 7-dək aktivliyini qoruyacaq. Lakin ən çox meteorun müşahidə olunacağı dövr oktyabrın 21-22-nə təsadüf edəcək.
Orionid meteor yağışı necə yaranır?
Orionidlərin yaranması astronomiyanın ən məşhur səma cisimlərindən biri olan Halley kometası ilə əlaqəlidir. 1P/Halley kimi tanınan bu kometa Günəş ətrafında bir dövrünü təxminən 75-76 ilə tamamlayır.
Kometa Günəşə yaxınlaşarkən onun nüvəsindən qaz, toz və müxtəlif bərk hissəciklər ayrılır. Zaman keçdikcə həmin materiallar kometanın hərəkət etdiyi orbit boyunca yayılır. Yer hər il bu hissəciklərin toplandığı sahədən keçərkən onlar atmosferə daxil olur və yanaraq səmada parlaq işıq izləri yaradır.
Orionid meteorları yüksək sürətləri ilə seçilir. Onlar Yer atmosferinə saniyədə təxminən 66 kilometr, başqa sözlə, saatda 238 min kilometr sürətlə daxil olurlar. Bu səbəbdən bəzi meteorların arxasında bir neçə saniyə ərzində görünən işıqlı izlər qala bilər.
Saatda neçə meteor görmək mümkün olacaq?
2026-cı ildə Orionid meteor yağışının maksimum aktivliyi zamanı saatda təxminən 20 meteorun müşahidə ediləcəyi proqnozlaşdırılır. Bu göstərici müşahidə şəraitindən, səmanın aydınlığından və ərazidəki işıq çirklənməsindən asılı olaraq dəyişə bilər.
Meteor yağışını Azərbaycanda necə izləmək olar?
Orionid meteor yağışını Azərbaycandan müşahidə etmək mümkün olacaq. Bunun üçün gecə yarısından sonrakı saatlar, xüsusilə də sübhə yaxın vaxtlar daha əlverişli hesab edilir.
Müşahidə zamanı şəhər işıqlarından uzaq, səmanın geniş hissəsinin göründüyü qaranlıq məkan seçmək tövsiyə olunur. Meteorları izləmək üçün xüsusi teleskop və ya digər optik cihazlara ehtiyac yoxdur. Gözlərin qaranlığa uyğunlaşması üçün bir qədər vaxt ayırmaq müşahidəni asanlaşdıra bilər.



