Azərbaycanın Mərkəzi Asiya və Azərbaycan Məşvərətçi Şurasına üzv dövlətlərin yekdil dəstəyi ilə sədr seçilməsi son illərdə ölkəmizlə region dövlətləri arasında formalaşan sıx və çoxşaxəli münasibətlərin məntiqi nəticəsidir.
Növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi barədə qərar da bu etimadın siyasi ifadəsi kimi qiymətləndirilə bilər.
Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya siyasətinin hansı istiqamətdə inkişaf etdiyini də aydın göstərdi. Dövlətimizin başçısı qeyd etdi ki, “son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib”.
Bu genişlənmə artıq yalnız siyasi dialoqla deyil, ticarət, investisiya, enerji və nəqliyyat layihələri ilə də müşayiət olunur.
Azərbaycanın region üçün əhəmiyyətini artıran əsas amillərdən biri isə Xəzər üzərindən formalaşan nəqliyyat və enerji bağlantılarıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir”. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Azərbaycanın tranzit imkanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Enerji sahəsində də əməkdaşlığın yeni mərhələsi formalaşır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəqlinin artması, Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaşıl enerji dəhlizi istiqamətində əməkdaşlığı Azərbaycanın regional iqtisadi əlaqələr sistemində rolunu genişləndirir. Dövlətimizin başçısının vurğuladığı kimi, məqsəd yalnız ticarəti artırmaq deyil, “birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaqdır”.
Azərbaycan-Türkmənistan münasibətlərindəki dinamika da bu prosesin mühüm hissəsidir. Son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi iki ölkə arasında siyasi dialoqun dərinləşdiyini göstərir. Füzulidə məscidin təməlinin qoyulmasında birgə iştirak isə münasibətlərin iqtisadi və siyasi çərçivədən kənara çıxaraq mənəvi və humanitar müstəvini də əhatə etdiyini göstərən nümunələrdəndir.
Bu il Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin müstəqilliklərinin 35 illiyidir. Üç onillik ərzində bu ölkələr öz dövlətçiliklərini möhkəmləndirib, sabitlik və inkişaf üçün milli modellər formalaşdırıblar. Vaxtilə onların müstəqil yaşaya bilməyəcəyi barədə səsləndirilən fikirlərin fonunda bu gün həmin dövlətlərin öz regional əməkdaşlıq gündəliklərini müəyyənləşdirməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Şuraya sədr seçilməsi də məhz bu yeni reallığın göstəricisidir. Bakı qarşıdakı dövrdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat, enerji, investisiya, təhsil, rəqəmsallaşma və gənclər siyasəti üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformaya çevrilə bilər.
Beləliklə, Türkmənbaşı görüşünün nəticələri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq strateji xarakter aldığını göstərir. Yekdil dəstək və növbəti Zirvənin Azərbaycanda keçirilməsi qərarı isə ölkəmizin region dövlətləri arasında artan siyasi və iqtisadi etimadının konkret ifadəsidir.
Fərid Şahbazlı
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri
Siyasi şərhçi


