Dünya · Editor.az

Avropada etiraz dalğası böyüyür: 17 ölkədə liman işçiləri eyni gündə ayağa qalxır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada etiraz dalğası böyüyür: 17 ölkədə liman işçiləri eyni gündə ayağa qalxır xəbəri üçün şəkil

İtaliyada bahalaşma, maaşların inflyasiyaya uyğun artırılmaması və dövlət vəsaitlərinin hərbi xərclərə yönəldilməsi narazılığa səbəb olub. Bu səbəbdən ölkə miqyasında genişmiqyaslı tətil və etiraz aksiyalarına hazırlıq görülür. Etirazlara təkcə İtaliya deyil, daha 16 ölkənin liman işçiləri də qoşulacaq.

Məlumata görə, cümə günü İtaliyanın müxtəlif şəhərlərində ümumi tətil keçiriləcək. Unione Sindacale di Base (USB) həmkarlar ittifaqı dövlət və özəl sektor işçilərini işə çıxmamağa, etiraz aksiyalarına və nümayişlərə qatılmağa çağırıb. Romada böyük mitinqin təşkili nəzərdə tutulur.

Universitet tələbələrinin də ölkənin əsas şəhərlərində yenidən küçələrə çıxacağı gözlənilir.

Bundan başqa, Cobas həmkarlar ittifaqları Adl, Clap və Sial təşkilatları ilə birlikdə nəqliyyat sektoru istisna olmaqla, dövlət və özəl sektorda ümumi tətil elan ediblər.

Etirazların əsas səbəbləri gündəlik yaşayış xərclərinin artması, əhalinin əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkməsi və hökumətin hərbi büdcəyə ayırdığı vəsaitin çoxluğu ilə bağlıdır.

İtaliyada nəqliyyat sistemi ciddi problemlə üzləşə bilər

Tətilin ölkənin nəqliyyat sistemində ciddi fasilələrə səbəb olacağı gözlənilir.

Dəmir yolu işçilərinin tətili cümə günü saat 20:59-dək davam edəcək. Hava nəqliyyatında isə aksiyanın bütün gün ərzində keçirilməsi planlaşdırılır.

Şəhərdaxili ictimai nəqliyyatda yaranacaq problemlərin miqyası şəhərlərdən asılı olacaq. Taksi xidmətlərinin də cümə günü fəaliyyətində fasilələr gözlənilir. Avtomobil yollarında çalışan işçilər isə tətilə cümə axşamı axşam saatlarından başlayacaqlar.

17 ölkədə liman işçiləri eyni gündə etiraz edəcək

İtaliyadakı tətil fonunda beynəlxalq miqyasda da diqqətçəkən aksiya keçiriləcək. Cümə günü dörd qitədə yerləşən 17 ölkənin liman işçiləri silah ticarətinə, yenidən silahlanma siyasətinə və limanların hərbiləşdirilməsinə qarşı etiraz edəcəklər.

Aksiyanın təşkilində İtaliyanın USB, Fransanın CGT həmkarlar ittifaqları, eləcə də Yunanıstan, Türkiyə, Mərakeş və Bask bölgəsindəki müxtəlif həmkarlar ittifaqları iştirak edir.

Təşkilatçıların məlumatına görə, 17 ölkədə 100-dən çox limanın əməkdaşları aksiyaya qoşulmaq qərarı veriblər.

İtaliyada etirazların Genuya, Livorno, Triest, Çivitavekkya, Ankona, Ravenna və Gioia Tauro limanları da daxil olmaqla, çoxsaylı limanların fəaliyyətinə təsir göstərəcəyi gözlənilir.

Həmkarlar ittifaqları hökumətdən nə tələb edir?

USB-nin əsas tələblərindən biri əməkhaqlarının bahalaşmaya uyğun artırılmasıdır. Təşkilat bunun üçün İtaliyada əvvəllər tətbiq olunan və maaşların inflyasiyaya əsasən avtomatik yenilənməsini nəzərdə tutan “Scala Mobile” sisteminin bərpasını istəyir.

Həmkarlar ittifaqları, həmçinin:

– Ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərinin aşağı salınmasını;

– Elektrik və təbii qaz tariflərinin azaldılmasını;

– Kirayə xərclərinin yüngülləşdirilməsini;

– Əsas istehlak məhsullarına tətbiq edilən ƏDV-nin aşağı salınmasını tələb edirlər.

USB hesab edir ki, hökumət səhiyyə, təhsil və digər ictimai xidmətlərə kifayət qədər maliyyə ayırmır, əvəzində hərbi xərclərə həddindən artıq vəsait yönəldir.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑