Dünya · Editor.az

Adi duzu bununla əvəz edin: Alimlər hər il 3 milyon insanın həyatının xilas ola biləcəyini deyir

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Adi duzu bununla əvəz edin: Alimlər hər il 3 milyon insanın həyatının xilas ola biləcəyini deyir xəbəri üçün şəkil

Gündəlik istifadə etdiyimiz adi xörək duzunu fərqli bir məhsulla əvəz etmək milyonlarla insanın həyatını xilas edə bilər. Alimlərin araşdırmasına görə, kaliumla zənginləşdirilmiş duzdan istifadə hər il dünyada təxminən 3 milyon ölümün, eləcə də 10 milyondan çox ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Avstraliyada yerləşən “The George Institute for Global Health” institutunun alimləri 193 ölkəni əhatə edən araşdırma aparıblar. Tədqiqat zamanı adi duzun kaliumla zənginləşdirilmiş alternativlə əvəzlənməsinin insanların sağlamlığına mümkün təsirləri qiymətləndirilib.

Hesablamalara əsasən, bu dəyişiklik dünya üzrə hər il təxminən 2,96 milyon ölümün və 10,17 milyon yeni ürək-damar və xroniki böyrək xəstəliyi halının qarşısını ala bilər.

Tədqiqatın müəlliflərindən biri, professor Brüs Nil bildirib ki, həddindən artıq natrium qəbulu və orqanizmdə kaliumun kifayət qədər olmaması yüksək qan təzyiqinin əsas səbəblərindəndir. Hipertoniya isə insult, infarkt və böyrək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin yaranma riskini artırır.

Adi duzdan fərqi nədir?

Kaliumla zənginləşdirilmiş duzun əsas xüsusiyyəti onun tərkibindəki natrium xloridin bir hissəsinin kalium xloridlə əvəz edilməsidir.

Bu məhsul xarici görünüşünə, dadına və yemək hazırlanarkən istifadə xüsusiyyətlərinə görə adi süfrə duzuna bənzəyir. Lakin tərkibindəki dəyişiklik sayəsində həm natrium qəbulunun azaldılmasına, həm də kalium səviyyəsinin artırılmasına kömək edə bilər.

Professor Brüs Nilin sözlərinə görə, bu duzun üstünlüyü iki mühüm qidalanma probleminə eyni vaxtda təsir göstərə bilməsidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 30-79 yaş arasında təxminən 1,4 milyard insan yüksək qan təzyiqindən əziyyət çəkir. Ürək-damar xəstəlikləri də qlobal miqyasda ölüm və əlilliyin əsas səbəbləri sırasında qalır. 2023-cü ildə bu xəstəliklər 19,2 milyon insanın ölümünə səbəb olub.

Adi duzun yalnız evdə dəyişdirilməsi belə böyük nəticə verə bilər

Araşdırma müəllifləri müxtəlif ssenariləri də qiymətləndiriblər. Bunlara evdə yemək hazırlayarkən istifadə olunan duzun dəyişdirilməsi, restoran və hazır qida sektorunda yeni məhsulun tətbiqi, eləcə də yüksək təzyiq diaqnozu qoyulmuş şəxslərin bu üsula keçməsi daxildir.

Nəticələr göstərib ki, bütün dünyada duzun tamamilə dəyişdirilməsinə ehtiyac olmadan da əhəmiyyətli nəticələr əldə etmək mümkündür.

Alimlərin hesablamalarına görə:

  • Yalnız evlərdə istifadə olunan duzun dəyişdirilməsi hər il 1,85 milyon ölümün qarşısını ala bilər.

  • Bu addım təxminən 6,19 milyon ürək-damar və böyrək xəstəliyi halının qarşısını almaq potensialına malikdir.

  • Hazır qidalar və restoran yeməklərində də kaliumlu duzdan istifadə edilməsi əlavə olaraq 1,56 milyon ölümün və 5,46 milyon xəstəlik halının qarşısını ala bilər.

Professor Nil xüsusilə Avropa və Şimali Amerikada qida sənayesinin bu prosesə qoşulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, həmin regionlarda insanların qəbul etdiyi duzun 70 faizdən çoxu evdə yeməyə əlavə edilən duzdan deyil, hazır məhsullardan və restoran yeməklərindən gəlir.

Ən böyük fayda hansı ölkələrdə gözlənilir?

Tədqiqatda əhalisi çox olan və ürək-damar xəstəliklərinin geniş yayıldığı ölkələrdə mümkün nəticələr də hesablanıb.

Bütün duzun kaliumla zənginləşdirilmiş məhsulla əvəzlənməsi halında:

  • Çində hər il təxminən 1,08 milyon ölümün;

  • Hindistanda isə təxminən 400 min ölümün qarşısı alına bilər.

Böyük Britaniya üzrə aparılan hesablamalar da diqqət çəkir. Ölkədə adi duzun tamamilə yeni alternativlə əvəzlənməsi hər il təxminən 13 min insanın həyatını xilas edə, 60 minə yaxın ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Bu duz hər kəs üçün təhlükəsizdirmi?

Alimlər yeni məhsulun geniş yayılmasının bəzi insanlar üçün risk yarada biləcəyini də xüsusi qeyd ediblər.

Xüsusilə ağır böyrək xəstəliyi olan şəxslər və qanda kalium səviyyəsini artıran müəyyən dərmanlardan istifadə edənlər ehtiyatlı olmalıdırlar. Belə hallarda orqanizmdə kaliumun həddindən artıq toplanması – hiperkalemiya baş verə bilər. Bu vəziyyət sağlamlıq üçün təhlükəlidir.

Hindistandakı “The George Institute” institutunun nefroloqu professor Vivek Cha bildirib ki, risklər düzgün maarifləndirmə, məhsulların üzərində aydın xəbərdarlıqlar və həkim nəzarəti vasitəsilə idarə oluna bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ildə qan təzyiqinin və ürək-damar xəstəlikləri riskinin azaldılması yollarından biri kimi kaliumla zənginləşdirilmiş duzun istifadəsini dəstəkləyib.

Bununla belə, alimlər dünya miqyasında adi duzdan yeni məhsula keçidin asan olmayacağını bildirirlər. Bunun üçün kalium xlorid istehsalının artırılması və qida sənayesinin də prosesə cəlb olunması tələb olunur.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑