Dünya · Bakupost.az

Demokratların qələbəsi: Qlobal birjalar və finans bazarları necə təsirlənəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demokratların qələbəsi: Qlobal birjalar və finans bazarları necə təsirlənəcək? xəbəri üçün şəkil

ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələr göstərir ki, proses gözlənildiyi Demokratlar Partiyasının mühüm qələbəsilə nəticələnir. Demokratlar ilkin nəticələrə əsasən həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanıblar. Bu isə o deməkdir ki, Prezident Donald Tramp öz ideya və proqramlarını əvvəlki kimi sərbəst şəkildə həyata keçirə bilməyəcək.
Adətən, ABŞ-də baş verən seçki prosesi dünya bazarları və birjalarında mühüm təlatümlərə səbəb olur.
Tramp komandasının məğlubiyyətilə nəticələnən bu dəfəki seçki prosesinin dünya birja və bazarlarına nə kimi təsirləri olacaq?
İqtisadçı Vüsalə Əhmədova “Bakupost”a bildirib ki, ABŞ-də demokratların qələbəsinin dünya maliyyə bazarlarına təsir etmə potensialı yüksəkdir:
“Burada əsas məsələ demokratların qələbəsinin dünya maliyyə bazarlarına, dolların məzənnəsinə, neftin qiymətinə, qızılın dəyərinə və investorların davranışına necə təsir göstərə biləcəyidir. Məsələn, dolların orta və uzunmüddətli perspektivdəki istiqaməti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətindən, inflyasiyanın dinamikasından və ölkə iqtisadiyyatının artım tempindən asılıdır”.
Ekspert deyir ki, Demokratların qələbəsi fonunda dolların məzənnəsində müəyyən təzyiqin yaranması ehtimalı var:
“Həmçinin, siyasi qeyri-müəyyənliyin artması investorların alternativ maliyyə alətlərinə və digər valyutalara marağını gücləndirə bilər”.
Müsahibimizin fikrincə, mövcud şəraitdə diqqət yetirilməli əsas aktivlərdən biri də qızıldır:
“Dolların mümkün zəifləməsi və qlobal maliyyə riskləri qızıla investisiya marağını artıra bilər. Yanaşı olaraq, bu proseslərə ABŞ istiqrazlarının gəlirliliyi və qlobal sənaye tələbatı da təsir göstərəcək. Neft bazarına gəlincə, neftin qiymətinə əsas təsiri qlobal tələb və təklif balansı, OPEC+ ölkələrinin hasilat qərarları, Çin iqtisadiyyatının vəziyyəti və Yaxın Şərqdəki geosiyasi proseslər göstərir. Bu baxımdan, demokratların qələbəsini neft qiymətlərinin avtomatik yüksəlməsi və ya ucuzlaşması kimi qiymətləndirmək doğru olmaz”.
İqtisadçının sözlərinə görə, Demokratların qələbəsi bərpa olunan enerji sektoruna marağı artıracaq:
“Əsas məsələ ABŞ-ın enerji siyasətində real dəyişikliklərin hansı istiqamətdə baş verəcəyidir. Bunlardan əlavə, fond bazarlarında xüsusilə texnologiya, süni intellekt, yaşıl enerji və müdafiə sənayesi sektorlarına diqqət yetirilməlidir. Demokratların ənənəvi olaraq dəstəklədiyi istiqamətlərdən biri bərpa olunan enerji sektorudur. Bu sahədə fəaliyyət göstərən şirkətlərin səhmlərinə maraq arta bilər”.
Müsahibimiz düşünür ki, Demokratların qələbəsinin fond bazarları üçün ən mühüm nəticəsi, investorların kapitalı sektorlar arasında yenidən bölüşdürməsi olacaq:
“Xüsusilə süni intellekt, enerji, səhiyyə və müdafiə sənayesi şirkətlərinin səhmlərində fərqli dinamika yarana bilər. Bu səbəbdən, əsasən texnologiya şirkətlərinin səhmlərinin üstünlük təşkil etdiyi Nasdaq və S&P 500 birja indekslərində qısamüddətli volatilliyin artması da mümkündür”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑