ABŞ Prezidenti Donald Trampın 19 yaşlı nəvəsi Kay Trampın (Kai Trump) Mayami Universitetindəki ilk təhsil ili sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, Prezidentin nəvəsi kampusdan kənarda yerləşən dəbdəbəli mənzilini nümayiş etdirdikdən və 531 dollar dəyərində kosmetika alışı ilə bağlı video paylaşdıqdan sonra sərt tənqidlərlə üzləşib.
Kay YouTube kanalında tək yaşadığı ikiotaqlı, iki hamam otağı, geniş mətbəxi, müasir kaminı və ayrı iş otağı olan mənzilindən videopaylaşım edib. Daxil olduğu Sephora mağazasından isə "Dior", "YSL Beauty", "Charlotte Tilbury" kimi brendlərdən 531,79 dollar məbləğində 16 kosmetik vasitə alıb. Sosial şəbəkə istifadəçiləri bu xərcləri adi tələbələrin maliyyə çətinlikləri ilə müqayisə edərək onu "ərköyün" adlandırıblar.
Tənqidlərə qarşı çıxanlar isə bildiriblər ki, sıradan tələbə yataqxanası ABŞ prezidentinin nəvəsi üçün lazımi təhlükəsizlik səviyyəsini təmin edə bilməzdi. Kayı universitetin hər yerində Məxfi Xidmət əməkdaşları müşayiət edir.
Şənliklərə vaxt ayırmadığını bildirən Kay təhsilini intensiv qolf məşqləri ilə əlaqələndirdiyini qeyd edib: "Mən bura qolf üçün gəlmişəm, əyləncələrə qatılmaq üçün yox". O, sıx qrafiki səbəbindən həftəsonlarını Mayamidə deyil, ailəsinin Florida ştatının Yupiter şəhərindəki evində keçirdiyini əlavə edib.
Bizim.Media






