Moskvalı model Yuliya Prihodko sevgilisi Vadimin qətlində ittiham olunur. Ailəsinin sözlərinə görə, o, əvvəllər də sevgilisinə qarşı güc tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 25-də mərhumun ögey atası İvan “İzvestiya”ya danışıb.
O iddia edir ki, faciə baş verən zaman cütlüyün artıq birlikdə olmadığı barədə deyilənlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Yuliya ilə Vadim münasibətlərini davam etdirirdilər, baxmayaraq ki, münasibətləri qeyri-sabit idi: tez-tez mübahisə edir, bəzən ayrılır, sonra isə yenidən barışırdılar.
İvan qətlin baş verdiyi gün yaşananları da təsvir edib. Onun sözlərinə görə, həmin gün onlar kirayə mənzilə görə pul üstündə mübahisə ediblər. Vadimin məbləğinin bir hissəsi çatışmırmış. O, anasına zəng edərək münaqişə barədə danışıb. Anası vəziyyəti gərginləşdirməməyi və gecəni dostlarının yanında keçirməyi məsləhət görüb. Lakin ögey atasının dediyinə görə, Vadim yenə də Yuliyanın yanına qayıtmaq qərarına gəlib.
İvanın sözlərinə görə, qohumları müstəqil ekspertlərlə birlikdə binanın girişindəki müşahidə kameralarının görüntülərini araşdırıb, videonu yavaşladaraq diqqətlə izləyiblər.
Onun iddiasına görə, kadrlarda Yuliyanın Vadimi girişdə qarşıladığı, ehtimal ki, saç lakı olan balonun içindəkini onun üzünə püskürtdüyü, daha sonra isə Vadim özünü çaşqın hiss etdiyi halda onu mənzilə apardığı görünür.
“ O, balonun içindəkini onun üzünə püskürtdü, Vadim isə üzünü çevirdi. Sonra Yuliya, ayaqları sözünə baxmayan Vadimi mənzilə apardı. Bir neçə saniyə sonra qapı aralandı və o, bayıra çıxmadan balonu içəri götürdü”, — İvan xatırlayıb.
Mərhumun ögey atası əlavə edib ki, onun sözlərinə görə, oxşar hadisələr əvvəllər də baş verib. İddialara görə, Vadim mübahisələrdən sonra bədənindəki göyərmələrin fotolarını anasına göndərirmiş. İndi ailəsi həmin şəkilləri müstəntiqlərə təqdim etməyi planlaşdırır.
22 yaşlı Vadimin ölümü barədə oktyabrın 22-də məlumat yayılıb. Moskva üzrə İstintaq Komitəsi bildirib ki, Nijneqorodskaya küçəsində yerləşən yaşayış binasında gəncin bədənində bir bıçaq yarası olan meyiti tapılıb. Həmin gün “İzvestiya” işi üzrə şübhəlinin 21 yaşlı Yuliya olduğunu yazıb. O, veb-kamera modeli kimi çalışıb.
Mənbənin məlumatına görə, cütlük Moskvaya Yamalo-Nenets Muxtar Dairəsindən köçüb. Qız saxlanılaraq Taqanski məhkəməsinə aparılıb və orada ağlayıb. O, təqsirini qəbul etmir.
Məhkəmə müdafiə tərəfinin Yuliyanın 500 min rubl girov müqabilində azadlığa buraxılması barədə vəsatətinə baxmayaraq, onu dekabrın 22-dək həbsdə saxlamaq barədə qərar verib.
Bizim.Media
