İtaliyanın Roma, Turin və Viçensa şəhərlərində etirazçılarla polis arasında toqquşmalar yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ansa” agentliyi məlumat yayıb.
Aksiyalar yaşayış xərclərinin artmasına, hərbi xərclərə və Baş nazir Corcia Meloninin hökumətinin siyasətinə qarşı keçirilən ümummilli tətil fonunda baş tutub.
Romada nümayişçilərdən bir qrupu əsas yürüşdən ayrılaraq polisin gücləndirilmiş mühafizə tədbirləri gördüyü Kolizeyə doğru hərəkət edib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıb, zibil konteynerlərini aşıraraq onlardan barrikadalar qurublar. Konteynerlər və elektrik skuterləri də yandırılıb.
Turində toqquşmalar Kastello meydanında baş verib. Tələbələr və solçu fəallar prefektura binası yaxınlığında polis səddini yarmağa çalışıblar. Polis su şırnaqlarından istifadə edərək nümayişçiləri geri çəkilməyə məcbur edib.
Viçensada baş verən qarşıdurmalar zamanı dörd polis əməkdaşı və üç etirazçı yüngül xəsarət alıb. İğtişaşlar fəalların şəhərin qərb dairəvi yolunun bir hissəsini ələ keçirməyə cəhd etməsindən sonra başlayıb.
Polis su şırnaqları ilə onların qarşısını alıb. Buna cavab olaraq etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına tüstü bombaları və fişənglər atıblar.
Qeyd edək ki, son həftələrdə İtaliyada etiraz aksiyaları zamanı dəfələrlə toqquşmalar baş verib.
Oktyabrın 17-18-də Milanda iğtişaşlar və talan halları qeydə alınıb. Bundan sonra İtaliya və Fransa hakimiyyətləri kütləvi aksiyalar ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bizim.Media
Meloninin siyasətinə qarşı etirazlar böyüyür - Video

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




