Bəzən sürücülər əsəblərinə hakim ola bilmədiklərindən, bəzən də dikbaşlıqdan yollarda necə davranmalı olduqlarını unudurlar. Onların aqressiv jestləri, yol hərəkəti qaydalarına laqeyd münasibəti və etik normalara sığmayan davranışları bəzən təsadüfi kameralara tuş gəlir. Tıxacda, yol kənarında və s. bu cür davranışları kimsə lentə alaraq sosial şəbəkələrdə paylaşır.
Elə sürücülər də var ki, kameraları görsələr belə, qəsdən müxtəlif nalayiq hərəkətlər nümayiş etdirməkdən çəkinmirlər. Halbuki yol hərəkəti təhlükəsizliyi yalnız qaydalara əməl etməklə bitmir. Sükan arxasında mədəniyyət, başqalarına hörmət də vacibdir.
Hər bir ölkənin qanunvericiliyi bu cür davranışlara hüquqi qiymət verir və müvafiq cəza tədbirləri tətbiq edir. Məsələn, Dağıstanda gənc sürücünün müşahidə kamerasına orta barmaq göstərməsi onun üç sutkalıq həbs cəzası alması ilə nəticələnib.
Bu hadisə istər-istəməz sual doğurur: Azərbaycanda müşahidə kamerasına qəsdən nalayiq jest göstərən sürücüləri hansı cəza gözləyir?
Qanunlarımız belə ədəbaz sürücülərə qulaqburması verir. Amma birbaşa belə hərəkətə görə cərimə yaxud həbs düşmür. Amma ictimai yerdə nalayiq hərəkət onu edəni İnzibati Xətalar Məcəlləsinin (İXM) 510.1-ci maddəsi üzrə 50-100 manat cərimə ilə “mkafatlandırır”.
Burada xüsusi diqqət etməli nüans var. Əgər nalayiq jest bilərəkdən internetdə kütləvi nümayiş etdirilirsə İXM-in 510.2-ci maddəsi üzrə 500-1000 manat cərimə, yaxud bir ayadək inzibati həbs tətbiq oluna bilər. Təkrar törədilmə (Maddə 510.3) olarsa, cəza sərtləşdirilir: 1000 manatdan 2000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq edilir.
Şəfiqə Şəfa, Bizim.Media




